"Mən "Qəbələ"ni Azərbaycan futbolunun etalonu və flaqmanı hesab edirəm"

15 Dekabr 2019 17:30 Qəbələ 1 309
"Mən "Qəbələ"ni Azərbaycan futbolunun etalonu və flaqmanı hesab edirəm"

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun 1/4 final mərələsinin ilk oyununda "Sabah" üzərində 3:0 hesablı qələbədən sonra mətbuat konfransı keçirib.

Sportinfo.az-ın əməkdaşının verdiyi məlumata görə, gənc mütəxəssis əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.

- Çətin olacağını bilirdik. Kubok fərqli bir turnirdir. İlk oyunu evdə keçirdiyimiz üçün çalışırdıq ki, həm hücumda olaq, həm də müdafiədə etibarlı təsir bağışlayaq. Bəzi epizodlarda bunu həyata keçirə bildik. Ümumi götürsək, oyundan tam razı qalmadım.

- Hesab 2:0 olandan sonra hasmı gözləyirdi ki, meydana müdafiəçi buraxacaqsız. Amma siz belə etmədiz və Ülvi İskəndərliyə şans verdiz.
- Ülvini meydana buraxmaqla sırf müdafiəni gücləndirmək fikrimiz yox idi. Sadəcə, hiss edirdik ki, «Sabah» böyük qüvvə ilə irəli atılacaq, ona görə də daha bir hücumçunu meydana buraxdım. Məncə, bu, faydasını verdi.

- Cütün taleyinə artıq aydınlıq gəlməsini düşünmürsüz ki?
- Yox, mən hələ belə deməzdim. Şanslar yenə yarıbayarıdır. Kubokda istənilən sürpriz ola bilər. Komandanı qarşıdakı cavab oyununa kökləməliyik. Yenə çətin olacaq.

- Komandanız ardıcıl iki oyundur ki, qırmızı vərəqə alır. Düşərgədə nəsə baş vermir ki?
- Hamısı oyun epizodudur, mübarizədir. Deməzdim ki, bizdən kimsə bilə-bilə qırmızı vərəqə alır. Mübarizə epizodlarında qırmızı vərəqə almağı mən normal sayıram.

- Kristian Kuakunu çoxdandır meydanda görmürük. Onun yanvarda düşərgəni tərk edəcəyini deyə bilərik?
- Gəlin, tələsməyək. Yanvara hələ var. Qarşıda oyunumuz var. Görürsüz ki, hamıya şans veririk. İndi əsas heyətə layiq olanların hamısı meydandadır.

- Fasilədən sonra «Qəbələ» xeyli müddət müdafiədə qaldı.
- Nolrmal haldır bu. Rəqib bizə təzyiq göstərirdi və müdafiəmizdə tələskənlik yaranırdı. Ona görə də bunu gözləmək olardı.

- «Qəbələ»nin maddi durumu hamıya məlumdur. Komanda həm də yaşamaq uğrunda mübarizə aparır. Necə fikirləşirsiz, son qələbələr yaranmış vəziyyətdən çıxmağa təkan verəcəkmi?
- Həmişə demişəm ki, bu klub yaşamalıdır. «Qəbələ» Azərbaycan futboluna lazımdır. Mən «Qəbələ»ni Azərbaycan futbolunun bir etalonu və flaqmanı hesab edirəm. «Qəbələ»nin nəticələri olub. Azərbaycanda və Avropada tanınmış bir klubdur. İnanıram ki, «Qəbələ» yaşayacaq və nəticələri ilə millətimizi yenə də sevindirəcək.

- Futbolçularda son həftələrdə böyük ruh yüksəkliyi hiss olunur. Onlar sanki nəyisə sübut etmək istəyirlər.
- Buradakıların hamısı peşəkar futbolçudur və nəticəyə kökləniblər. Göstərmək istəyirik ki, biz də varıq və heç kimdən zəif deyilik. Sırf kiməsə nəyisə sübut etmək fikrində deyiləm.

Digər Xəbərlər
Xəbər Lenti