"Peymanın məqsədi məni zədələmək idi" - ANAR NƏZİROV

9 Dekabr 2019 20:08 Qəbələ 1 456
"Peymanın məqsədi məni zədələmək idi" - ANAR NƏZİROV

"Siz də gördüz ki, həmin epizodda topa təmas yox idi. Bu, sadəcə, mənə zədə yetirmək məqsədilə olunan hərəkət idi".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin kapitanı Anar Nəzirov deyib. Premyer Liqanın XIV turunun "Sumqayıt"la səfər oyununun 65-ci dəqiqəsində (1:1) rəqib komandanın hücumçusu Peyman Babayini vurduğu üçün qırmızı vərəqə alaraq meydandan qovulan qapıçı həmin epizodu şərh edib. Təcrübəli qolkiper emosiyalarına hakim ola bilmədiyini söyləsə də, cənubi azərbaycanlı forvardı da günahlandırıb:

"Həyatımda birinci dəfədir görürəm ki, qapıçı topu tutandan sonra rəqib futbolçu 4 metr sürüşmə fəndi etsin. Biri var, ayağını yığasan, biri də var, açıq ayaqla oynayasan. Həmin vaxt rəqibin məqsədi məni zədələmək idi. Başqa bir səbəb tapa bilmirəm. Çünki topu tutmuşdum. Ona görə emosiyalarımı cilovlaya bilmədim. Səbrli olmalıydım. Amma elə epizodlar olur ki, özünü saxlaya bilmirsən".

Əgər hakim mənə qırmızı vərəqə verirsə, rəqibə də eyni cəza tətbiq olunmalıdır. Hər kəs səbrli olduğumu bilir. Həmişə hakimlərin qərarlarına hörmətlə yanaşmışam. Qasıq nahiyəmdə problem var idi, zədəm yenicə sağalmışdı. Peyman ayağı ilə həmin yerə vurdu. Elə bil beynimə siqnal getdi. Zədədən çox əziyyət çəkmişəm deyə, hisslərimə hakim ola bilmədim. Özünə də dedim ki, bir az yavaş ol. Topa toxunuş olsaydı, razılaşardım. Heç nə deməzdim. Gördü ki, topu tutmuşam, yenə açıq ayaqla üstümə gəldi".

Nəzirov matçdan sonra komandanın baş məşqçisi Elmar Baxşıyevin bu barədə onunla söhbət etdiyini bildirib: "Baş məşqçi haqlıdır, səbrli olmalıyıq. Elmar müəllimin inandığı futbolçularıq. Elə hərəkətlərə yol verməməliyik. Özü də neçə il futbol oynayıb. Bu cür hərəkətlərin nədən qaynaqlandığını başa düşür. Oyundan sonra bir qədər səbrli olmağımızı söylədi. Dedi ki, belə hallarda emosiyalarımızı cilovlamalıyıq. Amma həmin vaxt bunu etmək çox çətindir. Bir anlıq oldu, keçdi".

Digər Xəbərlər
Xəbər Lenti