"Qəbələ": Yolun sonu, ya əl dəyişməsi?

17 Noyabr 2019 21:55 Qəbələ 1 246
"Qəbələ": Yolun sonu, ya əl dəyişməsi?

Sportinfo.az-ın hələ bir neçə ay əvvəl, apreldə verdiyi xəbər bugünlərdə yenidən gündəmi zəbt edib. "Gilan Holdinq"in 2004-cü ildən maliyyələşdirdiyi "Qəbələ" ilə vidalaşmağa hazırlaşması yönündə məlumat dünən və bu gün mətbuatda elə sürətlə yayılıb, elə də təəccüblə qarşılandı ki…

Əslində, qeyri-adi heç nə baş verməyib, vermir və verməyəcək. Tale Heydərovun prezident postundan getməsi ilə "Gilan"ın kluba münasibəti dəyişməyib. Fəxri prezident olaraq kölgəyə çəkilən gənc iş adamı qəsdən ailə şirkətinin büdcəsindən "qırmızı-qaralar"a az vəsait ayırmayıb. Problem "Gilan"ın biznes dünyasında mövqelərinin zəifləməsindən qaynaqlanır. Holdinq zərərlə çalışan şirkət və müəssisələrini bir-birinin ardınca bağlayır. Artıq 10-dan artıq belə obyekt fəaliyyətini dayandırıb. İqtisadiyyatın bir çox sahələrini əhatə edən "Gilan" optimallaşdırma siyasətinə keçib və gəlir gətirməyən seqmentlər üzrə çalışdırmalarına son verib. Otelçilik, bankçılıq və turizm kimi sahələrdə dayaqlarını itirən nəhəng holdinqin "Qəbələ"yə əvvəlki qədər maliyyə ayırmağa, sadəcə, gücü çatmır.

İndi iddia olunur ki, bölgə klubu yeni il öncəsi fəaliyyətini dayandıracaq. "Qəbələ"nin başı üzərində toplaşan qara buludlar təhlükə yaradır, amma hər şey təqdim olunan kimi deyil. Saytımızın əldə etdiyi məlumata görə, klub mövsümün ortasında Premyer Liqadan çəkilməyəcək. "Qırmızı-qaralar" ən azı gələn ilin iyununadək futbol səhnəsində qalacaq.

Buna qədər isə başqa suallara cavab tapılacaq. Dekabr-yanvar ayları bu mənada "Qəbələ"dən ötrü həyati əhəmiyyət daşıyır. "A planı"na AFFA-nın SOCAR vasitəsilə klubu himayəsinə götürməsi daxildir. Üç aydan artıqdır ki, tərəflər arasında danışıqlar gedir. Düzdür, müəyyən səbəblər və fikir ayrılıqları üzündən hələ ortaq məxrəcə gəlməyiblər. Ancaq gözlənilən odur ki, Dövlət Neft Şirkəti "Qəbələ"nin xərclərini öz üzərinə götürəcək. Bunun üçün "qırmızı-qaralar"da idarəçiliyin əl dəyişməsi əsas şərtdir.

"B planı" region təmsilçisinin Azərbaycanda kifayət qədər tanınan holdinqin nəzarətinə keçməsidir. "Qəbələ"nin əli hər yerdən üzülərsə, qışdan sonra bilavastə akademiyanın hesabına mövsümü başa vuracaq. Bütün legionerlər və aylıq maaşı 2000 manatdan yüksək yerli futbolçular yola salınacaq, onların yeri Gənclər Liqasında və U-17-də çıxış edənlərlə doldurulacaq.

Bəzi mətbu orqanlar yazır ki, "Gilan" yanvarın 1-dən maliyyəni kəsəcək. Bu, reallığı təhrif etməkdir. Tale Heydərovun ayırdığı 2 milyon manatlıq büdcə cari xərclərin artması üzündən vaxtından xeyli əvvəl "əriyib". Halbuki həmin vəsait 10 ay üçün nəzərdə tutulmuşdu. Büdcənin əhəmiyyətli hissəsi komandanın yenidən formalaşdırılmasına sərf olunub, qışdan sonrakı dönəm üçün çox az məbləğ qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı