"Qəbələ"nin U-19 komandasının baş məşqçisi Famil Xəlilov UEFA Gənclər Liqasının APOEL-lə cavab görüşündən sonra Sportinfo.az saytının Qəbələyə ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.
Oyun barədə fikirlərini bölüşən gənc mütəxəssis matç başa çatandan sonra yaşanan xoşagəlməz hadisələrə də münasibət bildirib.
- Rəqibin 8 nömrəli futbolçusunu çoxdan analiz etmişdik. Oyunu əsas onun üzərində qururdular. Yannis Satiasın necə səviyyəli futbolçu olduğunu bilirdik. Bir futbolçumuzu sırf onun üçün ayırmışdım ki, axıra kimi nəzarətdə saxlasın. Tapşırıq verdiyim oyunçu bunun öhdəsindən gələ bilmədi. Bizə qolu məhz o futbolçu qol vurdu.
- "Qəbələ"nin çıxışı barədə nə deyə bilərsiz, oyununuz sizi qane etdi?
- Komandamın oyunundan razı qaldım. Mübarizəyə görə bütün futbolçularımı təbrik edirəm. Uşaqlar sona qədər istəkli oldular. Bu futboldur, biz də bilirdik. Hər şeyə hazır idik - qələbə qazana da bilərdik, uduzmaq da olar. Təbii ki, mərhələni keçsəydik, daha yaxşı olardı. Buna baxmayaraq, əl-qolumuzu yanıma salmayacağıq. İndi elə futbolçularla danışdım, ürək-dirək verdim. Bu oyunu unutmalıdırlar. Yenidən bu hissləri yaşamaq istəyirlərsə, ölkə çempionatında yaxşı nəticə qazanmalı, çempion olmalıdırlar.
- Oyundan sonra yaşananlarla bağlı nə deyə bilərsiz?
- Əslində, baş verənlər heç də xoş deyildi. Olmamlı idi. Hər halda o futbolçularla bağlı ölçü götürəcəyik. Qalib gəlməyi bacardığımız kimi, uduzmağı da qəbul etməliyik. Futbolçularda idmançı xarakteri olmalıdır. Təəssüf ki, belə şey oldu.
- Səhv etmirəmsə, qalmaqalı sizin futbolçular başlatdı.
- Bəli. Düşünürəm ki, bu, aqressiyadan, qələbə istəyindən qaynaqlanırdı. Mən belə dəyərləndirərdim. Amma istənilən halda - nə olur-olsun, biz özümüzü nəzartədə saxlamağı bacarmalıyıq. İstər məşqçi olsun, istərsə də futbolçu.
- Davaya görə Veysəl qırmızı vərəqə aldı. Həqiqətən layiqli cəza idi?
- Bəli, onun hərəkəti qırmızılıq idi.
- Azarkeşlər də çox məyus oldular. İlk oyunda səfərdə qeydə alınan heç-heçədən sonra yaxşı üstünlük qazanmışdız. Üstəlik, rəqibin yol yorğunluğu da var idi. Necə oldu ki, bu üstünlüklərdən yararlana bilmədiz?
- Oyundan əvvəl də demişdim, səfərdə qeydə alınan 1:1 hesabının yaxşı tərəfləri olduğu, mənfi cəhətləri də var. Deməzdim ki, futbolçularda arxayınlıq var idi. Bəlkə daha çox motivasiya olduqlarından uduzdular. Daha çox istəyin də ziyanlı tərəfləri var. Uşaqlar qol imkanlarını qaçırdıqca daha çox həyəcanlanmağa başlayırdılar. APOEL oyuna psixoloji cəhətdən daha yaxşı hazırlaşmışdı, buna görə də qalib gəldilər.