"Qarabağ"la oyundakı bir xal mükafatdan daha dəyərlidir"

21 Oktyabr 2019 13:22 Qəbələ 587
"Qarabağ"la oyundakı bir xal mükafatdan daha dəyərlidir"

"Qəbələ"nin müdafiəçisi Yusif Nəbiyev Sportinfo.az-a müsahibə verib:

- İkinci dövrənin ilk turunda “Qarabağ”la bərabərə qaldınız. Oyunu komandan üçün necə dəyərləndirirsən?
- Həftəboyu “Qarabağ”la oyuna yaxşı hazırlaşmışdıq. Baş məşqçimizin verdiyi tapşırıqları ən yaxşı şəkildə yerinə yetirməyə çalışdıq. Komanda olaraq yaxşı oyun göstərə bildik.

- Bir xal sizi razı saldı, yoxsa qələbə qazanmağı düşünürdünüz?
- Əlbəttə ki, razı saldı. Söhbət “Qarabağ”dan gedir, reallıq var. Sual versəniz ki, oyuna heç-heçə üçün çıxmışdınız, deyərdim yox, qələbə üçün çıxmışdıq. Amma “Qarabağ”dan bir xal almaq da bizim üçün yaxşı nəticədir.

- "Qarabağ” sizinlə oyuna kimi ölkə çempionatında maksimum nəticə toplamışdı. Amma siz onları büdrədə bildiniz. Bəlkə “Qarabağ” sizinlə oyuna ciddi yanaşmamışdı, yoxsa yaxşı motivasiya olduğunuzu düşünürsən?
- Bəli, “Qarabağ” maksimum nəticə göstərmişdi. Sözün açığı, inanmıram, “Qarabağ” kimi komanda oyuna motivasiya olmasın. “Qarabağ”la heç-heçənin komandamıza xeyri olacaq. Çünki günü-gündən hamıda inam artır.

- "Qarabağ”a vurduğunuz qol baxımlı alındı. Bəlkə də heç “Sevilya” və ya “Düdelanj” belə o cür qol vura bilmədi. Əvvəlcədən bunun üzərində işləmişdiniz, yoxsa təsadüfən alındı?
- Doğurdan, baxımlı qol alındı. Məşqçilərimizin verdiyi tapşırıq var idi. Ancaq Qismət Alıyevin vurduğu qol onun ustalıq səviyyəsinin göstəricisidir. Həm də Qismətin ilk qolu idi, davamı gəlsin.

- "Qarabağ”a uduzmadığınıza görə hər hansı mükafat olacaq, yoxsa yalnız qələbə üçün mükafat alırsız?
- Mükafatın olub-olmayacağını bilmirəm. Onun söhbəti də getməyib. Ancaq hər komandada olduğu kimi bizdə də qələbəyə görə mükafat olur. “Qarabağ”la oyundakı bir xal bizim üçün mükafatdan daha dəyərlidir.

- Son turdakı bir xala baxmayaraq, komanda hazırda yeddinci pillədədir. “Sabah” da eyni xaldadır. Yəqin ki, onların “Keşlə” ilə görüşün son dəqiqələrində qol vurmaları sizi üzdü?
- Turnir cədvəlində “Qarabağ”ı çıxmaq şərtilə digər komandalar arasında xal fərqi böyük deyil. İnanıram ki, oyundan-oyuna öz yerimizi tutacağıq.

- Qarşıdakı turda rəqibiniz “Keşlə”dir. Səfərdə onları məğlub etmək mümkün olacaq?
- "Keşlə” ilə oyuna maksimum motivasiya olacağıq. Qarşılaşma hansı hesabla başa çatacaq, onu daha deyə bilmərəm.

- İlk dövrədə “Keşlə”yə evdə 0:4 hesabı ilə uduzmuşdunuz və bundan sonra Sənan Qurbanov baş məşqçi postundan getmişdi. Revanş almaq hissi var?
- Bəli, 0:4 uduzmuşduq. Amma bizdə o fikir yoxdu ki, çıxıb “Keşlə”yə dörd qol vurmalıyıq. Birini vuraq, o da bəsdir.

- Qardaşın Fərid Nəbiyev bir neçə gün əvvəl açıqlamasında, qışda “Slaviya”dan ayrıla biləcəyini, lakin, Azərbaycana qayıtmaq istəmədiyini bildirib. Maraqlıdır, onunla söhbətində hansı məsləhətləri verirsən, xaricdə qalıb oynamasını istəyərdin, yoxsa Azərbaycana qayıtması yaxşıdır?
- Bəli, Fəridin müsahibəsini oxumuşdum. Mən onunla tam razıyam. Fəridə xaricdə qalmağını söyləyirəm. Düzü, heç deməyimə də ehtiyac yoxdur. Çünki onun fikrində Azərbaycana qayıtmaq variantı yoxdur, yaxşı ki, yoxdur. İnşallah xaricdə özünü ən yaxşı şəkildə göstərər.

Mir Bağır

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı