"Qəbələ"nin "Brest qalası"

20 Oktyabr 2019 22:55 Qəbələ 872
"Qəbələ"nin "Brest qalası"

"Qarabağ" dünən cari mövsümdə ilk dəfə xal itirdi. Özü də turnir cədvəlində 7-ci yeri tutan "Qəbələ" ilə oyunda. Həm də Qurban Qurbanov səfər qarşılaşmasında demək olar ki, döyüşkən heyəti meydana buraxmışdı. Məlum videosuna görə cəzalanan Araz Abdullayevi çıxmaq şərti ilə digər aparıcı futbolçular Qəbələyə aparılmışdı. "Qarabağ" qələbə qolunu vurmaq üçün 2-ci hissədə Xayme Romero ilə Riçard Almeydaya da şans verdi.

Ancaq dünən "Qəbələ"nin müdafiəsi qəhrəman Brest qalasına bənzəyirdi. Təkcə Amin Seydiyevin neçə zərbəni geri qaytarmasını hesablayıb sona çıxmaq, çətin məsələdir. Elmar Baxşıyevin komandası sanki son döyüşə çıxmışdı - meydanın hər qarışı uğrunda mübarizə, hər topa baş qoymaq, zədələnməkdən belə qorxmayaraq, özünü "oda-közə" atmaq. Epizodların birində rəqib futbolçu ilə mübarizədən sonra İvitsa Zuniçin qoruyucu maskası yerə düşdü. Amma xorvatiyalı legioner özündə güc taparaq, oyunu davam etdirdi. Hətta 79-cu dəqiqədə meydana girən Rövlan Muradov da qısa vaxt ərzində az iş görmədi. Bir neçə dəfə sürəti və texnikası hesabına "Qarabağ"ın müdafiəçilərindən sıyrılan 21 yaşlı futbolçu qonaqların həyəcanlanmasına səbəb oldu. Qismət Alıyev isə Asmir Beqoviçə qol vuran ilk azərbaycanlı oldu. Buna qədər sloveniyalı qolkiperi "Zirə"nin legioneri Xulio Sezar Rodriqes məyus etmişdi. Qismətin qolu həm də çox baxımlı alındı.

Bəlkə də oyunun əvvəlində "Qarabağ" rəqibi ciddiyə almırdı, rahat qələbə qazanacağını gözləyirdi. Amma vaxt keçdikcə son illərin dəyişməz çempionu rəqibi cəzalandırmaq üçün əlindən gələni edirdi. Xayme və Almeydanın sonradan meydana çıxması, Zubirin Qismətlə bir neçə dəfə mübahisə etməsi, Qurban Qurbanovun 4-cü hakimdən tez-tez "oyunun sonuna nə qədər qalıb" soruşması, Ağdam təmsilçisinin bu matçda xal itirmək istəməməsindən xəbər verirdi.

Təəssüf ki, "Qəbələ" azarkeşləri yenə də doğma komandalarına istənilən dəstəyi vermədilər. Stadionda ön planda olan Bakıdan gəlmiş "Qarabağ" fanatları idi. Təsəvvür edin ki, 90+2-ci dəqiqə gedir, "Qarabağ" "Qəbələ"ni tam öz qapısına sıxışdırıb və bu cür həlledici anda yerli azarkeşlərin bir çoxu stadionu tərk etməyə başlayır. Bunu Avropada kimə danışsan, şoka düşər. Halbuki Amin, Roman Hüseynov, Yusif Nəbiyev, Rövlan, Ülvi İsgəndərov kimi gənclər gözləyirdilər ki, bu cür qəhrəmanlıqdan sonra bütün stadion heç olmasa, 3-4 dəqiqə onları alqışlayacaq. Amma Qəbələdə sanki hamı evinə tələsirdi.

Bu cür oyunla "Qəbələ" 7-ci yerdə olmamalıdıdr. Rəhbərlik gec də olsa səhvini başa düşdü - Sənan Qurbanovla uzağa getmək olmaz. Elmar Baxşıyev qısa vaxt ərzində kollektivə yeni ruh gətirib, amma bunun nə qədər davam edəcəyini qarşıdakı oyunlarda biləcəyik.

CAVİD

Digər Xəbərlər
Xəbər Lenti