"Buna heç kimin şübhəsi olmasın" MÜSAHİBƏ

1 Oktyabr 2019 20:00 Qəbələ 488
"Buna heç kimin şübhəsi olmasın" MÜSAHİBƏ

“Qəbələ”nin qapıçısı və kapitanı Anar Nəzirov Sportinfo.az saytına müsahibə verib:

- Premyer Liqada yola saldığımız altıncı turda "Qəbələ" evdə "Neftçi"yə uduzdu. Görüşü necə dəyərləndirirsən?

- Yeni qurulan komandamız var. Bundan əvvəlki iki turda yaxşı futbol oynadıq. İstəyirdik ki, “Neftçi” ilə oyunda da inamlı çıxış edək. Amma hər oyunda mükəmməl oynamaq olmur. Hesab hamımızı məyus etdi. Çempionat hələ qarşıdadır. Daha yaxşı “Qəbələ” görəcəksiniz.

- Özün də dediyin kimi "Neftçi" ilə oyuna qədər "Qəbələ" iki oyunda yaxşı mübarizə aparmışdı, ona görə də gözlənilən bu idi ki, bu matçda da rəqibdən xal alasınız. Səncə, məğlubiyyətə əsas səbəb nə idi?
- Hər oyuna xal və xallar qazanmaq üçün çıxırıq. Amma biz elə komandayıq ki, kollektiv şəkildə mübarizə apararaq istədiyimiz nəticəni əldə edə bilərik. Bunun üçün isə vaxta ehtiyac var. Hər oyunda yaxşı oynamaq üçün məşqçilərin də "sehrli çubuğu" yoxdur. Sıfırdan qurulan, gənclərə üstünlük verilən komandayıq. İnanırıq ki, sonda istədiyimizə çatacağıq.

- "Neftçi" məğlubiyyəti komandaya necə təsir edəcək? Psixoloji olaraq yenidən sizin üçün sıxıntılar olmayacaq?
- "Neftçi” ilə oyuna qədərki iki oyun özünəinamı artırmışdı. Komanda göstərdi ki, daha səylə, inamla işləsək, özümüzə inansaq yaxşı nəticələr əldə edə bilərik. İnanmıram ki, psixoloji olaraq pis təsir etsin. Çünki uşaqlar istəklidir, hər məşq, hər oyun özlərini yaxşı tərəfdən göstərmək istəyirlər.

- "Neftçi" son vaxtlar çox pis durumda idi, uduzdurdular, azarkeşləri də tənqid edirdi. Məğlub olmağınız sanki "Neftçi"yə nəfəs verdi...
- "Neftçi” çox təcrübəli, yaxşı futbolçulardan qurulmuş komandadır. Onlar çempionluğa oynayır.

- Qarşıdakı turda rəqibiniz "Zirə"dir. Sabiq komandana qarşı oynayacaqsan. Bu oyunda hədəfiniz nədir? Qələbə, yoxsa bir xal da qənimətdir?
- "Zirə” ilə oyunda da ən yaxşısını etməyə çalışacağıq. Bizim kimi rəqib də xal qazanmaq istəyir.

- "Zirə" haqda hansı fikirdəsən? Son vaxtlar onlar da yaxşı çıxış etmir...
- Bu komanda haqda hər zaman yaxşı fikirdəyəm. Onların necə çıxış etmələri isə mənə aid sual deyil.

- Hazırda turnir cədvəlinin son pilləsinə düşmüsünüz. "Qəbələ"nin sonuncu dəfə bu yerdə olmasını xatırlamıram. Necə düşünürsən, vəziyyət necə olacaq?
- Son pillədə olsaq da, qarşıdakı turlarda hər şeyi öz lehimizə çevirə bilərik. Buna heç kimin şübhəsi olmasın.

Mir BAĞIR

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu