"Neftçi" bizi müdafiədə oturmağa məcbur etdi" - Elmar Baxşıyev

28 Sentyabr 2019 19:58 Qəbələ 401
"Neftçi" bizi müdafiədə oturmağa məcbur etdi" - Elmar Baxşıyev

"Oyunun çətin keçəcəyini təxmin edirdik. “Neftçi” heyətinə görə yaxşı balanslaşmış komandadır. Rasim Ramaldanovun birinci hissədə zədələnməsindən sonra müdafiədə boşluqlar verdik. Rəqib də bundan maksimum istifadə etdi".

Sportinfo.az-ın Qəbələdə olan əməkdaşının verdiyi məlumata görə, bu sözləri "Qəbələ"nin baş məşqçi əvəzi Elmar Baxşıyev Premyer Liqanın VI turunda evdə "Neftçi"yə 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib. Gənc mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Sizin gəlişinizdən sonra komanda ardıcıl iki oyunda uduzmamışdı. Bu gün isə uğurlu seriyaya son qoyuldu. Bunu nə ilə əlaqələndirərdiz, ustalıq səviyyəsi, yoxsa Ramaldanovun zədələnməsi ilə?

- Bunu ustalıq səviyyəsi ilə izah edərdim. “Neftçi” hər mövqedə, hər komponentdə bizdən üstün görünür. Gənc komandayıq. Artırmaq üçün potensialımız var. Komandaya inanırıq. Gənc futbolçularımız matçdan-matça daha yaxşı oyun göstərəcəklər. Biz də istəyərdik ki, doğma meydanımızda azarkeşlərimizi sevindirək. Lakin alınmadı. “Neftçi” layiqli qələbə qazandı. Rəqibi təbrik edirəm.

- İlk hissədə sıx müdafiə olunduz. İkinci yarıda isə açıq futbol oynamaq istədiz. Nəticədə "Neftçi" sizi cəzalandırdı. Bu barədə nə deyə bilərsiz?

- Komandanı görüşə hazırlayarkən də müdafiədən oynamaq barədə düşünmürdük. Amma rəqib bizi müdafiədə oturmağa məcbur etdi.

- Ramaldanovun durumu necədir?

- Dizi şişib, indi nə isə demək çətindir. O, üç gündən sonra müayinə olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti