Bu komandanın futbolçuları baş məşqçini saymır!

18 Sentyabr 2022 14:00 Qəbələ 1 077
Bu komandanın futbolçuları baş məşqçini saymır!

Sentyabrın 17-si Elmar Baxşıyevin üzünə təbəssüm qondurdu.

Yəqin edirəm ki, bu tarixi belə tezliklə unutmaz.

Niyə də unutsun ki..?

Məğlubiyyət seriyasına «dur» deyə bildilər. Ardıcıl 3 yenilginin ardınca «Sumqayıt»dan alınan 3 xal «Qəbələ» daxilindəki gərginliyi nisbətən soyutdu deyə bilərəm.

«Qəbələ» ilk 30 dəqiqədə öz futbolunu oynadı. Həmin arada bir neçə qol vəziyyəti yaratdı və Ramon Maçado həmin epizodların birini dəyərləndirdi. Oyunun qalan bölümündə isə «Sumqayıt» kimi oynadılar. Elə-belə də yəni.

Elmar Baxşıyev qələbə intizarının bitməsinə sevinsə də, yəqin özü də razılaşar ki, əsas problemi hələ həll etməyib. Nizam-intizamla bağlı mövsümün əvvəlindən bəri müşahidə olunan çatışmazlıqları nəzərdə tuturam.

Bunu qeyd edərkən, Rövlan Muradovun qırmızı vərəqə aldığı epizodu xatırlatmaq istəmirəm.

Hadisə mübahisəyə açıq deyil - Elçin Məsiyev Todor Todorskiyə qəsdən ciddi xəsarət yetirən Rövlan Muradova ən yaxşı halda qırmızı vərəqə göstərməli idi və göstərdi.

Təəssüf ki, qaydalar hakimlərə bir oyunda eyni futbolçunu 2-3 «qırmızı» ilə «mükafatlandırmaq» icazəsi vermir. Əks halda, Rövlan etdiyi hərəkətə görə azı 2 «qırmızı» almalıydı.

Todorskinin ən zəif bədən üzvünə butsının altı ilə o cür zərbə endirmək bağışlanmazdır və tələb edirəm ki, AFFA-nın İntizam Komitəsi Muradova 4-5 turluq cəza kəssin, böyük miqdarda cərimələsin.

Qoy, bu cəza tədbiri ona və başqalarına dərs olsun, insan həyatı ilə belə oynamasınlar. Şimali makedoniyalı legioner şikəst olmadısa, Yaradanına şükür eləsin!

«Qəbələ»də ağa çoxdur. Demək olar bütün futbolçuları hər top itkisindən, qaçırılan və ya buraxılan qol epizodundan sonra bir-birləri ilə mübahisə edir.

Az qalırlar baş məşqçinin üstünə də qışqırsınlar. Öz bildikləri, öz istədikləri kimi oynayırlar,

Elmar Baxşıyevi sayan kimdir e!

Bir az Rasim Ramaldanovdan çəkinirlər, o da texniki zonada yer almasa, elə bilərsən ki, «Qəbələ» baş məşqçisiz komandadır.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"