Kasıb “Qəbələ”nin varlı futbolu - Baxşıyev bunlara nə yedizdirib, nə içizdirib?

22 Noyabr 2021 17:40 Qəbələ 1 062
Kasıb “Qəbələ”nin varlı futbolu - Baxşıyev bunlara nə yedizdirib, nə içizdirib?

Kasıbın süfrəsindən bir baş soğan əskik olmaz.

Yağ-pendiri ortalıqda görməyə bilərsən və təəccüblənməzsən.

Futbolda kasıb ayıb deyil. Əsas odur, oynadığın futbol kasıb olmasın. «Qəbələ» misalı. 11 turu arxada qoyan bölgə klubu reallıqları aşıb və proqnozları alt-üst etməkdə davamiyyət sərgiləyir.

Çoxluğun fikrincə, «Qəbələ» ilk 3-4 həftədən sonra üst sıralar uğrunda mübarizədən çəkiləcək, tədricən aşağılara doğru istiqamət alacaq və «Səbail»lə birlikdə 7-8-ci yerləri bölüşdürmək savaşı verəcək.

Hə, nə oldu bəs, dostlar?

«Qəbələ» yuxarı pillələrdən qopmayıb və yəqin ki, ən azı qış fasiləsinədək dik duruş sərgiləyəcək.

Bilirsiz, niyə? Komanda ruhu hər futbolçunun canına, qanına işləyib, bəzən yıxılsalar da, əyilmirlər, müqavimətdən vaz keçmirlər. Özü də 11-12 nəfərlə.

Elmar Baxşıyev və köməkçisi Xaqani Məmmədovla Rasim Ramaldanov bir az məşq edib çəki atsa, onları meydanda görəcəyik.

Hər halda zədəli futbolçuların sayı ehtiyat skamyada yer alan yararlı ehtiyat qüvvədən çoxdur.

«Sumqayıt»la qarşılaşmanın taleyini istək müəyyənləşdirdi. İki dəqiqə arayla 2 qol vuran «Qəbələ»nin psixoloji və fiziki planda irəliləyişi göz önündədir.

Adətən, heyəti məhdud komandalar hər həftə eyni adlarla meydana çıxanda, ikinci hissənin son 30-35 dəqiqəsini aşağı tempdə keçirir, hücum eşalonu təşkil etmir.

Baxşıyev bunlara nə yedizdirib, nə içizdirib? Heç nə! Nələri var ki, nə də eləsinlər?

Sadəcə, hər tur 3 xal yanğısı güclənir, bu da istər-istəməz komandaya dinamiklik gətirir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti