"Qarabağ" "İmarət"ə arzuladığı kimi qayıtdı

29 Noyabr 2020 16:00 Qarabağ 508
"Qarabağ" "İmarət"ə arzuladığı kimi qayıtdı

"İmarət"də vida qələbəsi ...

"Qarabağ" sonuncu dəfə "İmarət"də Tovuzun "Turan" komandasını qəbul edib. Ağdamlıların qələbəsi (1-0) ilə başa çatan görüş 12 may 1993-cü il tarixində keçirilib. Oyunda vurulan yeganə qolun müəllifi Yaşar Hüseynov olub. 23 iyun 1993-cü il ermənistan silahlı quvvələrinin Ağdamı işğal etməsi ilə "Qarabağ"ın da "İmarət"ə yolu bağlanıb. Komandanın 27 illik "İmarət" həsrəti də bu qələbə ilə başlamış olur.

"Qaçqın" statusu ilə başlayan qara günlər ...

Məcburi ayrılıqdan sonra "qaçqın" statusu daşıyan komanda özündə güc taparaq 1993-cu il həm ölkə kubokuna, həm də Azərbaycan çempionluğuna sahib olub. Komandanın qazandığı bu titullara rəğmən, Ağdamsız günlər heç də xoş keçmir. Əbəs deyil ki, bu uğurlardan sonra "Qarabağ" 20 il ölkə çempionu ola bilmir. Dəfələrlə komandanın dağılmaq təhlükəsi yaranır, amma hər dəfəsində cəfakeş ağdamlı futbolçular və klubun keçmiş prezidenti Adil Nadirov bunun qarşısını alır.

Müşfiq Hüseynovun dünən işğaldan azad olunan Ağdam məscidinin önündə verdiyi açıqlamada "şükürlər olsun ki, bu komanda dağılmadan, bütöv olaraq bura qayıda bildi" deməsi boşuna deyildi.

"Qarabağ"ı Ağdama bütöv qaytarmaq bütün ağdamlı futbolçuların arzusu, xəyalı idi. Məhz buna görə, Səttar Əliyev 20 illik karyerasını bütövlükdə "Qarabağ"a həsir edib. Müşfiq Hüseynov dəfələrlə yaxşı transfer təkliflərinə üz çevrib. "Qarabağ" adına görə ağdamlı futbolçular dəfələrlə son anda 11 nəfərlik heyəti düzəldib milli çempionata qatılıblar. Adil Nadirov qapı-qapı gəzib kluba sponsor axtarıb. Öz maşınını belə bu yolda satıb.

"Qarabağ"ın açılan qara bəxti ...

Nəhayət bütün "Qarabağ" sevərlərin üzünə ümid işığı 21-ci əsrin əvvəli yanıb. 2001-ci il Adil Nadirovun müraciətindən sonra "Azərsun Holdinq" şirkəti komandaya sahib çıxıb. "Qarabağ"ın xoş günləri də elə bundan sonra başlayıb.

2002-2003-cü illər ölkəmizdə futbol dayandığı dönəmdə belə "Azərsun" şirkəti "Qarabağ"a dəstəyini kəsməyib. Bu dəstəyin sayəsində "Qarabağ" 20 ildən sonra 2014-cü il ölkə çempionluğuna qovuşub və ardıcıl 7-ci mövsümdü titulu heç kimə vermir.

Biri Çempionlar Liqası olmaqla ardıcıl 7-ci mövsümdür ağdamlılar avropa səhnəsində qrup mərhələsinin sevincini yaşayırlar.

27 illik bitən həsrət və ya böyük qayıdış ...

Dünən - 28 noyabr 2020-ci il böyük həsrət sona çatdı. Müşfiq Hüseynovun, Səttar Əliyevin arzuları gerçək oldu. Adil Nadirovun Ruhu şad oldu. Allahverdi Bağırov kapitanı, baş məşqçisi, milli qəhrəmanı olduğu komandasına qovuşdu. Bütün "Qarabağ" sevərlərin istədiyi kimi "Qarabağ" dağılmadan, bütöv və qururlu halda öz kuboku ilə qalib tərk etdiyi "İmarət"ə qalib kimi də qayıtdı. Qayıdışın mübarək olsun, "Qarabağ" ailəsi!

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!