
“Qarabağ” bu gün zədəli olan futbolçusu Mahir Emrelini də Kiprə aparacaq.
Sportinfo.az xəbər verir ki, o, Premyer Liqanın II turunun “Keşlə” ilə matçında ayağı burxularaq zədələnib və 42-ci dəqiqədə Elvin Cəfərquliyevlə əvəzlənib.
Hücumçunun sentyabrın 16-da Çempionlar Liqasının III təsnifat mərhələsinin Kiprin Larnaka şəhərində keçiriləcək “Molde” ilə oyunda iştirak edib-etməyəcəyi bilinmir. Bununla belə, 23 yaşlı forvard bu gün gerçəkləşəcək Kipr səfərində təyyarədə yerini alacaq.
Komanda birbaşa oyunun keçiriləcəyi Larnaka şəhərinə gedəcək. Uçuş vaxtı saat 11:30-a nəzərdə tutulub. Komanda saat 19:30-da oyunun keçiriləcəyi “AEK Arena”da məşqə çıxacaq. “Qarabağ” oyun başa çatdıqdan sonra Bakıya dönəcək.
“Qarabağ” – “Molde” oyunu sentyabrın 16-da Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Oyun Norveç hökumətinin Azərbaycandan qayıdacaq “Molde” futbolçularına 10 günlük karantin tətbiq etməsi səbəbindən Bakıda yox, neytral ölkə kimi Kiprdə keçiriləcək.