COP29

Milyonçu və parazit agentlər - Onlar meydanda can qoyan futbolçulardan çox qazanır

26 May 23:20 Qarabağ 579
Milyonçu və parazit agentlər - Onlar meydanda can qoyan futbolçulardan çox qazanır

“Qarabağ”ın qapıçısı Andrey Lunyovun agenti Anton Smirnovun “Qarabağ” haqqında, öz aləmində “ifşaedici açıqlamalar” verməsi ölkəmizdə “sensasiya” qrafasına girə bilər, amma dünyanın futbol arenası üçün bu, milçək vızıltısı kimi bir şeydir.

Birincisi, ona görə ki, o “ifşaedici açıqlamalar”da faş ediləsi dəhşətli sirlər yoxdur.

Hamımız bilirik ki, Qurban Qurbanov dindardır və komandasının bir yarısı da dini ayinləri icra edir.

Hər kəs xəbərdardır ki, o, klubda dəmir nizam-intizam yaradıb, oyunçular özbaşınalıq edə, gecə həyatına, zərərli vərdişlərə aludə ola bilməzlər və bu, “Qarabağ”ın uğurlarının əsas səbəblərindən biridir.

Qurban Qurbanovun qardaşı, təcrübəli futbol mütəxəssisi Musa Qurbanlının “Qarabağ” klubunda çalışdığını, kluba, qardaşına kömək etdiyini hər kəs bilir və burada qəbahət bir şey yoxdur. Uğurlu idarəçilik üçün Q.Qurbanova etibar etdiyi, güvəndiyi adamlar lazımdır, biri də onun doğma qardaşıdırsa, necə deyərlər, lap yaxşı.

Smirnovun aşıqlaması qisas məqsədi daşıyır və belə açıqlamalar verməsinin əsl səbəbi isə, dediklərindən belə anlaşılır ki, Lunyovun maaşının artırılması prosesində umduğu məbləği ala bilməməsidir.

Söz yox, Lunyovun “Qarabağ”a transfer olunmasında Smirnovun rolu olub və o, buna görə komissiya alıb. Ancaq Lunyov etimadı doğruldandan sonra maaşı artırılanda, müqaviləsi təzələnəndə, Smirnov hesab edib ki, bu əməliyyat onun üzərindən olmalıydı və o, yenə də iriməbləğli komissiya almalıydı. “Qarabağ”ın menecerləri isə birbaşa qapıçının özüylə razılaşıblar.

Bu məntiqlə Lunyov sabah 100 milyon avroya, tutaq ki, “Real”a transfer olunsa, Smirnov deyə bilər ki, əldə olunan mənfəətin 10-15 faizi ona çatır.

Aqentler.JPG (51 KB)

Jorje Nendeş Pini Zahavi Anton Smirnov

Bir Smirnov deyil, dünya futbolunda “futbol agentləri” deyilən və oyunçuların üzərində parazitlik edən minlərlə işbaz var. Onlar komandalara məşqçi və oyunçular, oyunçu və məşqçilərə isə komandalar tapır, arada vasitəçilik edir, keçidləri düzür-qoşur və böyük məbləğdə pullar qazanırlar.

Belə adamlar hər cür əlaqələrə malikdirlər, klub prezidentləriylə, klubların menecerləriylə, futbol federasiyalarının məsul şəxsləri ilə, məşqçilərlə, eləcə də jurnalistlərlə ciddi və işgüzar əlaqələri var. Onlar hədəfə götürdükləri oyunçuları bir komandadan başqasına keçməyin nə dərəcədə faydalı olduğuna inandırır, məşqçi axtaran klublara öz namizədlərini sırıya bilir, bir oyunçunun qiymətini qaldırmaq üçün onun haqqında saxta transfer xəbərləri uyduraraq, idman nəşrlərinə servis edirlər.

Məsələn, biz tez-tez oxuyuruq ki, filan ortabab bir klubda çox tanınmayan, amma olduqca istedadlı bir futbolçu var, hazırda “Real”ın, “Barselona”nın, “Yuventus”in, “Bavariya”nın skautları onun oyununu izləyirlər. Adı çəkilən və çəkilməyən klublar xəbəri təkzib etməzdən əvvəl maraqlanırlar ki, görsünlər, o “istedadlı futbolçu” kimdir, sonra belə bir transfer haqqında düşünmədiklərini deyirlər. Amma ox artıq yaydan çıxıb, futbolçu bir neçə günün içində məşhurluq qazanıb, indi onunla həqiqətən də maraqlanırlar. Yarışma başlayır. Axırda dünyanın futbol nəhənglərindən biri gerçəkdən də ona elçi düşür və dəyərindən qat-qat baha qiymətə oyunçunu alır.

44331b.JPG (19 KB)

Elə agent var ki, indiyədək 1 milyard yüz milyon avro dəyərində oyunçu alqı-satqısının vasitəçisi olub və yüksək komissiya qazanıb. Bu, portuqaliyalı Jorje Mendeşdir. Kriştiano Ronaldo, Bernardo Silva, Joze Mourinyo, Anhel di Mariya, David de Xea, Jozeu Feliks kimi dünya “ulduz”ları onun vasitəsilə müxtəlif komandalara transfer olunublar və Mendeş onlardan, necə deyərlər, yaxşı pul tutub.

Qəsəbə komandasında oynayarkən kobudluğu və hakimi söyməsi üzündən futboldan diskvalikasiya olunmuş, 1-2 ilə San-Pauludakı kafenin daimi müştərisinə, şişman əyyaşa çevriləcəyi ehtimal olunan Dieqo Kosta məhz Mendeşin əli ilə dünya “ulduz”una çevrilib. Mendeş onun diskvalikasiyasını ləğv etdirib, əvvəlcə “Braqa”ya, sonra “Çelsi”yə keçməsini təmin edib.

Daha bir məşhur və olduqca fərasətli futbol agenti italyan Mino Rayoladır. Onun “işə düzəltdiyi” futbolçuların arasında bu kimi məşhurlar var: Pol Poqba, Zlatan İbrahimoviç, Marko Verratti, Canluici Donnarumma, Henrix Mxitaryan, Matteys de Liqt və b.

Rayola indiyə qədər 71 futbolçu və məşqçi ilə işləyib və 618 milyon avroluq alış-verişlərdə iştirak edərək öz faizini qazanıb.

aq-ful.JPG (42 KB)

Futbolçuların hesabına milyonçuya çevrilən başqa agentlər də var: Pini Zahavi, Kia Curabaçian, Conatan Barnet, Folker Ştrut, Fali Ramadani və b.

Onlar futbolçulardan çox qazanır. Futbolçular meydançada can qoyur, ağır şəkildə zədələnirlər, aylarla müalicə olunurlar, amma agentlər zədəsiz, qada-bəlasız daha çox mənfəət əldə edirlər.

Görünür, Smirnov da başını başlara qoşmaq, milyonçu həmkarları kimi daha çox pul qazanmaq istəyir. Ancaq o, dərin sularda üzmək əvəzinə, gəlib Azərbaycanda, transferə böyük pullar ayıra bilməyən ölkədə fəaliyyət göstərmək istəyib.

Futbol azarkeşlərinin yadında olar, bir ara saytlarda futbol millimizin baş məşqçisi Prosineçkinin haqqında ayda iki dəfə başqa ölkələrin millisindən təklif aldığı barədə xəbər çıxır, sonra təksib olunurdu. Bu, sırf agentlərin təşkil etdiyi piar materialları idi, bu yolla Prosineçkinin qiymətini qaldırır, AFFA-nı ondan bərk yapışmasına çalışırdılar.

Elə agentlər də var ki, bir komandaya düzəltdiyi oyunçunun heyətdə möhkəmlənməsi üçün canfəşanlıq etməsi ilə məşhurdur. Məsələn, “Napoli”də oynayan Xviça Kvaratsxeliyanın agenti Mamuka Cuqeli gürcü balasının komanda yoldaşı Viktor Osimhen haqqanda qara piar apararaq, onun 2024-cü ilin yayında Səudiyyə Ərəbistanına keçəcəyini bildirib. Osimhen isə sosial şəbəkələrdə ona belə bir mesaj yazıb: “Hörmətli Mamuka Cuqeli, sən murdar və rəzilsən. Mən sənin düşüncəndən utanıram. axmaq!”

Böyük pulların dövr etdiyi mühitdə qırışma təbiidir.

Xalid KAZIMLI

Digər Xəbərlər
Xəbər Lenti