Qarabağ”da DÜŞÜNDÜRƏN SUALLAR - Günün mövzusu

7 Fevral 2023 21:20 Qarabağ 937
Qarabağ”da DÜŞÜNDÜRƏN SUALLAR - Günün mövzusu

İndi diqqətlər “Qarabağ”a yönəlib.

Beynəlxalq arenalardakı qürur mənbəyimiz bir neçə gündən sonra Avropa Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə üz-üzə gələcək.

Azərbaycan çempionu avrokuboklarda mümkün qədər irəliləmək üçün ilk növbədə Belçika təmsilçisini sıradan çıxarmalıdır. Bunu bacarmaq isə dildə deyilən qədər asan deyil.

“Qarabağ” qış fasiləsində heyətini gücləndirməyə çalışıb. Vaxtilə “Monako”nun 10 milyon avroya transfer etdiyi Adama Diakabi transfer edilib,

Fransa və Türkiyə klublarındakı texnikalı oyunu ilə tanıdığımız Yassin Benzia gəlib, Albaniya futbolunun ən istedadlı futbolçularından sayılan Redon Cica da karyerasını Azərbaycanda davam etdirməyə qərar verib.

Lakin indiki məqamda “3-lüy”ün “köhlən atlar”ı çiyinlərində daşıyacağına ümid bəsləmək ağılsızlıq olar. Diakabi ilə Benzia hələ ki, ideal formasından uzaqdır, Cicanın yeni komandaya uyğunlaşması üçün vaxt lazımdır.

Bu gün ən ciddi problem “Qarabağ”dakı itkilərdir.

Şahruddin Məhəmmədəliyevin zədələnməsi “çərçivə”dəki vəziyyəti risk altına salıb. Kobud səhvləri ilə diqqət çəkən Luka Quqeşaşvili və ya gənc Amin Ramazanovla Ayxan Arazlıya güvənmək təhlükəlidir.

Durumun nə dərəcədə ağır olduğunu görmək üçün son 3 çempionat matçına baxmaq kifayət edir. “Qarabağ” turnir cədvəlində ikinci “5-liy”ində yer alan “Turan Tovuz”, “Şamaxı” və “Kəpəz”lə oyunlarda qapısından 4 top buraxıb. Rəqiblər bütün hallarda ağdamlıların qapısına yol tapıb.

Düzdür, qol sayı baxımından vəziyyət ürəkaçandır. Tovuzlularla şamaxılıların qapısından 3 top keçirilibsə, gəncəlilərə 1 qol vurulub. 3 oyunda 7 top məhsuldarlıq göstəricisidir.

Oyun məzmunundan danışmalı olsaq, Antalyadakı yoldaşlıq görüşləri və Premyer Liqadakı oyunların gedişatı adamı bir qədər düşünməyə vadar edir.

“Qarabağ”ın ortabab və zəif komandalar üzərində böyük hesablı qələbələrinə alışmışdıqsa, 2023 girəndən “köhlən atlar” 3 qələbə qazanıb, 1 heç-heçə edib və 2 halda uduzub. Yalnız “Şamaxı” ilə qarşılaşmada nisbətən asan qələbə qazanıldığını deyə bilərik.

Görünən budur ki, Şahruddin Məhəmmədəliyev, Kadi Borges və Ovusu Kvabenanın yoxluğu hansısa mənada oyun planına təsir etməkdədir. Ola bilsin, bu, Qurban Qurbanovun “Gent”lə oyunlardan əvvəl xüsusi planıdır.

Ola bilsin, vəziyyət düşündüyümüz qədər çətindir. Ola bilsin, Belçika təmsilçisi ilə qarşılaşmalarda fərqli “Qarabağ”, fərqli nəticələr görəcəyik.

Hər halda, buna inanır və ümid edirik.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti