Qurban Qurbanov nəvaxtadək bu söz-söhbətlərdən çəkinəcək?

9 Avqust 2022 11:40 Qarabağ 1 692
Qurban Qurbanov nəvaxtadək bu söz-söhbətlərdən çəkinəcək?

«Qarabağ» Premyer Liqanın açılış həftəsini qələbə ilə «yudu».

Ağdam klubu ilk turda «Səbail» üzərində qalibiyyəti qeyd etdi. 3 xalı 3 qolla qazandılar.

«Köhlən atlar»ın ilk qoluuu Musa Qurbanlı vurdu. Gənc hücumçu atasının komandasında hələ də özünə yer edə bilməyib.

Qurban Qurbanov ötən mövsüm oğlunu az oynatdı. Bununla belə, Musa çıxdığı Premyer Liqa və kubok oyunlarında bir neçə dəfə fərqləndi, özü barədə yaxşı təəssüraf oyatdı.

U-21 millisinin forvardı bu gün də formadadır. Hesabı açdığı epizoddan əlavə, oyunun sonrakı bölümündə də özünü çox «oda-közə vurdu», çalışdı ki, atasının ondan gözləntilərinin üstünə çıxsın.

Musa xarakterli gənclərdəndir. Bir şey olan kimi ruhdan düşən deyil, sona kimi əlindən gələni əsirgəməyəcək, sadəcə…

Qurban Qurbanov başqa söz-söhbətlər olmasın deyə, oğluna geniş meydan verməyəcək. Mən ondan narahatam ki, Musa futbola elə «Qarabağ»da erkən vidalaşsın.

Necə ki, illər öncə Tural İsgəndərov butsılarını mıxdan tez-tələsik asmalı oldu.

Qurban Qurbanov futbolda ilk addımlarını «Neftçi»də atan, aşağı yaş qruplarından ibarət millilərə, U-21-ə kimi yol keçən bacısı oğlunu «Qarabağ»a gətirdi, bir-iki dəfə şans verdi, sonra da ehtiyat skamyda əyləşdirdi.

Bir neçə klubdan təklif alsa da, Tural Ağdam təmsilçisini tərk etmədi, bir də eşitdik ki, karyerasını bitirib.

Halbuki başqa komandaların birinə getsəydi, oynayacaqdı, praktika toplayacaqdı və bəlkə də bu gün əsas yığmanın bir nömrəli hücumçusu idi. Beləcə, futbolumuz Turalın şəxsində daha bir istedadını itirdi.

Musa Qurbanlı talantına və fiziki göstəricilərinə görə vaxtilə futbol oynamış atasından daha perspektivlidir. Ondakı potensial çox böyükdür.

Bir oyun meydana çıxıb, üç-dörd ehtiyatda qalsa, yaxud 5-10 dəqiqə şans almaqla kifayətlənsə, «qab»ında nə varsa, hamısı yox olacaq.

Yüz məşq bir oyunun yerini vermir. O, daim oynamalıdır. Sərbəst olmalıdır. Səhv etməkdən çəkinməməlidir. Topu itirən kimi texniki zonaya boylanmamalıdır.

«Qarabağ»da qalsa, bu kompleks onu tərk etməyəcək. nə qədər ki gec deyil, «transfer pəncərəsi» bağlanmayıb,

Qurban Qurbanov oğlunu ölkədən kənara çıxarmalıdır. Polşa, Xorvatiya, Yunanıstan, Kipr, Türkiyə – atletik futbola üstünlük verilən istənilən ortabab Avropa ölkəsində Musaya komanda tapmaq mümkündür.

Yetər ki, Qurbanov bunu istəsin. Qapını menecerlərin üzünə bağlamasa, oğluna 10 yerdən təklif gətirərlər.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"