Qurban Qurbanov: “Bəlkə də...”

5 İyul 2022 09:20 Qarabağ 1 044
Qurban Qurbanov: “Bəlkə də...”

"Qarabağ" Çempionlar Liqası I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Polşada "Lex"in qonağı olacaq.

SportİNFO.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Çox istəkli komandaya qarşı oynayacağıq. "Lex" neçə ildir çempion ola bilmirdi, bu il 100 illiklərində çempionluğu əldə etdilər. Həm rəhbərliyin, həm futbolçuların açıqlamaları, həm azarkeşlərin bu oyuna olan marağından görünür ki, həddən çox istəklidirlər. "Lex"in ayrı-ayrılıqda yaxşı səviyyədə bacarığı olan futbolçuları var. Rəqibin heyətində fərqli ölkələrdən legionerlər var, amma düşüncə olaraq eyni və maraqlı oyun üslübları var. "Lex"də yeni baş məşqçi təyin olunub. Bu məşqçinin işləri ilə maraqlandıq. Demək olar ki, bu klubun ümumi oyun sistemi, fəlsəfəsi necədirsə, bu məşqçi də böyük ehtimalla ondan əl çəkməyəcək. Bizi meydanda çox düşünəcəyimiz bir oyun gözləyir. Futbolçuların üzərinə çox iş düşəcək. Rəqibi tanımaq baxımından ilk dəqiqələrdən çox diqqətli olmalıyıq. Hər bir halda biz yaxşı oyun göstərmək istəyirik. Rəqibin çox gözəl stadionu və yaxşı azarkeşləri var. İstəyirik ki, bu stadionda azarkeşlər maraqlı oyunun şahidi olsunlar. İnanıram ki, futbolçularım sabah ən yaxşı oyunlarını oynamaq üçün əllərindəmn gələni edəcəklər.

- Təlim-məşq toplanışı necə keçdi? Hazırda komandanızın durumu nə yerdədir?

- Vaxtımız elə də çox olmadı. Bu oyuna çox az müddətdə hazırlaşdıq. Amma buna baxmayaraq komandanı oyuna hazırlaya bildik. Çalışdıq ki, bu matça kimi problemlərimiz az olsun. Komandada ümumi durum normaldır, futbolçuların demək olar ki, hamısı sağlamdır. Yalnız vaxt azlığı bir az narahatlıq yaratdı. Bu, elə dönəmdir ki, futbolçuları tam hazır edə bilmərik. Öz təcrübəmizə güvənərək bu problemləri aradan qaldırmağa çalışacağıq. Ola bilər ki, cavab oyununa daha yaxşı hazır olaq.

- Daha əvvəl "Legiya" ilə qarşılaşmısız. Bu oyun həmin matçdan daha çətin olacaq sizcə?

- "Lex" və "Legiya" bir az fərqli komandalardır. Bu gün görünür ki, "Lex" "Legiya"dan üstün olub, çempionluğu əldə edib. Bir az fərqli futbol oynayırlar. Biz bundan əvvəl "Legiya"ya qalib gəlmişdik. Hesab bir az böyük olmuşdu, amma bizim üçün heç də asan oyun olmamışdı. Rəqibimiz "Lex" meydanda fərqli hücumlardan istifadə edən komandadır. Rəqib topla davranmağı xoşlayır, yaxşı mövqe hücumları qururlar. DXemək olar ki, hər komponentdə yaxşı olan bir komandaya qarşı oynayacağıq. Biz "Legiya" ilə oyunu düşünmürük. O, bir oyundan ibarət idi, bu isə iki matçdan ibarətdir. Bəlkə də bu oyunda risklərimiz az olacaq.

- 8 ildir avrokubokların qrup mərhələsində iştirak edirsiz. "Qarabağ"ın favorit olduğunu düşünürsüz?

- Heç vaxt oyunun favoritiyik deyə fikir bildirməmişəm. Mən hər zaman komandanın ilboyu göstərdiyi oyuna, nəticələrə önəm vermişəm. Bu gün "Lex"ə baxsaq, görərik ki, onlar il ərzində bu səviyyədə, Avropa Liqası, Çempionlar Liqası səviyyəsində oyunlar oynayıblar. Polşa çempionatı digər çempionatlardan çox fərqlənir. Favorit olduğumuzu deməzdim. Əvvəl də dediyim kimi, çox istəkli bir komandaya qarşı oynayacağıq. Klub olaraq bu matça kökləniblər. Bu oyunda favorit yoxdur. Futbolçularımı kökləmişəm ki, necə istəkli komandaya qarşı oynayacağıq. Meydanda çox yaxşı mübarizə getməlidir. Çalışacağıq ki, nəticə bizim xeyrimizə olsun. Bunun üçün biz yaxşı oyun göstərməliyik. Mən "Lex" omandasına çox hörmətlə yanaşıram. Onların iş prinsipləri ilə maraqlanmışam. Bir komandanı üstün, digərini zəif saymaq istəmirəm. İnanıram ki, sabah iki yaxşı komanda mübarizə aparacaq.

- "Legiya" ilə oyun 44 günlük müharibə vaxtına təsadüf etmişdi. O zaman bildirmişdiz ki, futbolçulara əlavə motivasiya lazım deyil. Həmin matçı xatırlayıb futbolçulara əlavə tapşırıq vermisiz?

- Bizim üçün heç də asan günlər deyildi. Həmin matça komandanı motivasiya etmək heç də asan deyildi. Hər səhv tapşırıq, səhv fikir futbolçulara mənfi təsir edə bilərdi. Həmin gün futbolçular qələb qazanmağı bacardılar. Futbolda oyunçuları həmişə eyni motivasiya ilə hazırlamaq olmur. Çünki, bəzən tam əks təsir göstərir.Sadəcə biz düşüdüyümüz mühitdə düzgün fikir formalaşdırmalıyıq. Böyük zəfərimizdən sonra mənim üçün futbolçuları motivasiya etmək daha asandır. Bu gün komandanı başqa cür motivasiya etmişik. Biz o günləri yaddan çıxarmırıq. Bizim Qarabağla bağlı problemlərimiz çox idi. Şükürlər olsun ki, bu gün hər şey qaydasındadır, torpaqlarımız bizdədir. Bu gün komandanı sırf idman prinsipləri, 11-11-ə mübarizə üçün hazırlayırıq.

- "Lex"də diqqətinizi cəlb edən hansı futbolçular var?

- Bu suallar çox verilir. Adlarını bir-bir açıqlasam, düz çıxmaz. Hər biri öz mövqeyindı ustalıq səviyyəsi yüksək, qol vurmaq qabiliyyəti olan futbolçulardır. Bunların sayı çoxdur. Bilmirəm İshakdan danışım, Amaraldan danışım, yoxsa Milikdən. Rəqibin hər mövqedə çox aktiv, lider futbolçuları var. İstədiyimiz nəticəni əldə etmək üçün bu komandanın hər futbolçusuna diqqət etməliyik. Buna görə də "Lex"ə kollektiv şəkildə dəyər verirəm.

Digər Xəbərlər
Xəbər Lenti