“Qarabağ” Qurban Qurbanovla bağlı yayılan söz-söhbətlərə son qoymaq üçün…

14 May 2022 11:40 Qarabağ 860
“Qarabağ” Qurban Qurbanovla bağlı yayılan söz-söhbətlərə son qoymaq üçün…

“Qarabağ” Qurban Qurbanovla müqaviləni uzatması barədə mayın 11-də rəsmi açıqlama yaydı.

Bildirildi ki, yeni anlaşmaya əsasən, o, daha 3 il Ağdam klubunun baş məşqçisi olacaq.

50 yaşlı mütəxəssisin müqaviləsi 2025-ci ildə başa çatacaq.

Qurbanov 2008-ci ildən “Qarabağ”ı çalışdırır. Onun rəhbərliyi altında 8 dəfə Azərbaycan çempionu olan ağdamlılar 4 dəfə ölkə kubokunu qazanıb, 8 dəfə isə UEFA-nın klub turnirlərinin qrup mərhələsinə yüksəlib.

Adətən, “Qarabağ“ Qurbanovla bağlı bu tip xəbərləri ictimaiyyətə elan etmir. Halbuki bizə məlum idi ki, bu anlaşma martda əldə olunub.

Saytımız bununla bağlı xəbəri həmin vaxt eksklüziv olaraq oxucuların diqqətinə çatdırıb. Yeni sözləşmənin detalları ilə bərabər!

Həmin məlumatlarda qeyd etmişdik ki, klub rəhbərliyi maliyyə şərtlərini təkrar gözdən keçirib və Qurbanova daha yüksək əməkhaqqı ödəməyi gərək sayıb.

Buna əsasən, onu qətiyyətlə Azərbaycanın ən ödənişli məşqçisi adlandıra bilərik. Hər halda Premyer Liqada illik qazancı 800 min manatı ötən ikinci belə çalışdırıcı yoxdur.

3 illik yeni muqavilə xəbərinin rəsmi səviyyədə tirajlanması, təbii ki, təsadüfi deyil. Mənası, daha doğrusu, məqsədi var.

Bu da Qurbanovun yenidən milliyə qayıdacağı haqda kluarlarda dolaşan xəbərlərin şayiə mahiyyətini üzə çıxarmaqdır.

Elxan Məmmədovun AFFA-nın icraçı vitse-prezidenti postundan getməsindən sonra belə informasiyalar dolaşırdı ki, federasiya prezidenti Rövnəq Abdullayev vaxtilə «Neftçi»də birgə çalışdığı mütəxəssisi yığma komandaya qaytarmaq istəyir.

Hələ heç kim yaddan çıxarmayıb ki, Q.Qurbanovun cəmi 1 il işlədiyi millidən 2018-ci ildə «zurna-balaban»la yola salınmasını E.Məmmədov iəşkil edib.

Hazırda FİFA-nın strukturunda çalışan bu şəxsin onun əleyhinə apardığı kampaniya da unudulmayıb.

«Qarabağ» rəsmi hesablarından baş məşqçisinin yeni imza törənindən xəbər+foto paylaşmaqla, bir növ, AFFA-ya mesaj çəkdi. Bununla demək istədilər ki, Qurbanovun harasa gedişinə razı deyillər və yenə razı olmayacaqlar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti