"Şah", bu, nə idi, sən nə etdin..? – VİDEO+FOTOREPORTAJ

26 Noyabr 2021 09:00 Qarabağ 1 152
"Şah", bu, nə idi, sən nə etdin..? – VİDEO+FOTOREPORTAJ

"Qarabağ" Konfrans Liqasının qrup mərhələsində V turun oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Bakıda "Omoniya"nı qəbul edib.

Danimarkalı referi Morten Kroqun idarə etdiyi matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Görüş Ağdam təmsilçisinin hücumları ilə başlayıb. "Köhlən atlar" ilk 15 dəqiqədə rəqibini təzyiq altında saxlayıb. Buna baxmayaraq, futbolçular çərçivəyə düşməkdə çətinlik çəkib.

Əksərən sol cinahdan hücumlar quran "Qarabağ" rəqibə onların özlərinə aid hissədə pressinq tətbiq edib. 29-cu dəqiqədə Abdullah Zubirin zərbəsi toru yandan silkələyib.

34-cü dəqiqədə Filip Ozobiçin cəhdindən sonra qapıçı Fransis Uzoho topu tutub. Qonaqların qapıya doğru ilk zərbəsi 36-cı dəqiqəyə təsadüf edib. Nikolas Panayotu topu qapının üstündən vurub.

İki dəqiqə sonra Ozobiçin fərqlənməsinə növbəti dəfə Uzoho imkan verməyib. 40-cı dəqiqədə isə İbrahima Vadji çərçivəyə düşə bilməyib.

Əvəzində 43-cü dəqiqədə "Omoniya" hesabı açıb. Toral Bayramov əllə oynadığı üçün baş hakim penalti təyin edib. Mixal Düriş Şahruddin Məhəmmədəliyevlə dueldən qalib ayrılıb.

İkinci yarı da Azərbaycan klubunun hücumları ilə start götürüb. 48-ci dəqiqədə Ozobiçin fərqlənməsinə növbəti dəfə qolkiper mane olub.

Bir dəqiqə sonra komanda istəyinə çatıb və Paris Psaltisin avtoqolundan sonra qarşılaşmada tarazlıq bərpa olunub.

58-ci dəqiqədə Kadi Borgesin zərbəsi təhlükəli alınsa da, top qapının yanından keçib. 65-ci dəqiqədə Filip Ozobiç topu qapıdan keçirsə də, oyundankənar vəziyyət qeydə alınıb.

Ardınca "Omoniya" azlıqda qalıb. Kiko ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 74-cü dəqiqədə Kevin Medina başla fərqlənməyə yaxın olsa da, topu qapının yanından vurub.

83-cü dəqiqədə Ozobiç çətin vəziyyətdə olmasına rəğmən qapıya zərbə endirib, lakin top qapının üstündən keçib.

Ardıcıl hücumlar 88-ci dəqiqədə bəhrəsini verib. Patrik Andradenin zərbəsindən sonra "Omoniya"nın müdafiəçilərindən birinin ayağına dəyən top tora daxil olub.

Lakin 90-cı dəqiqədə Jordi Qomes Şahruddin Məhəmmədəliyevin irəli çıxdığını görərək təqribən 55 metr məsafədən komandasının bərabərlik qolunu vurub.

Bu nəticədən sonra xallarınınn sayını 11-ə çatdıran Ağdam təmsilçisi eyni xala malik İsveçrə "Bazel"indən sonra 2-ci pillədə qərarlaşıb.

Hər iki komandada top fərqi 5-ə bərabər olsa da, "Qarabağ" 1 top az vurduğu üçün mövqeyini itirib. "Omoniya" isə 3 xalla 3-cü sıradadır. H qrupunda son pillədə 1 xalla "Kayrat" qərarlaşıb.

Beləliklə, qrup qalibinin adına dekabrın 9-da İsveçrədə "Bazel" və "Qarabağ" arasındakı görüşdə aydınlıq gələcək. Azərbaycan komandası yalnız qələbə sayəsində 1-ci yeri tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti