"Qarabağ"ın belə komandaya qollar vuracağına əmin idim"

25 İyul 2021 22:20 Qarabağ 1 790
"Qarabağ"ın belə komandaya qollar vuracağına əmin idim"

"Oyunun məcrasının necə gedəcəyini öncədən bilirdim".

Bu sözləri Sportinfo.az-a açıqlamasında Konfrans Liqasının "Qarabağ" - "Aşdod" oyununu dəyərləndirən futbol mütəxəssisi Aslan Kərimov deyib.

Sabiq "Qarabağ"lı 0-0 hesablı nəticədən təəccübləndiyini gizlətməyib. O, "Qarabağ"ın rahat qələbəsinə çox inanırmış: "Dominatlıq edən tərəf "Qarabağ", xoşbəxtliyini əks-hücumda axtaran tərəf isə "Aşdod" olmalıyıdı. Elə gözlədiyim kimi də oldu. "Qarabağ"ın belə komandaya qollar vuracağına əmin idim. Çünki bundan qat-qat güclü komandaların müdafiəsin yarmağı bacarıblar. Oyunda Zubirdən istədiyimi görə bilmədim. Cinahlarda rəqibləri keçib, boşluqlar yaratmalı idi. Bu isə baş vermədi.

"Qarabağ"ın rəqibin əks-hücumlarına hazır olmadığı görsəndi. Belə hücumlardan birində də Maksim Medvedev qırmızı vərəqə aldı. İstənilən halda "Aşdod" çətin keçiləsi rəqib deyil".

Kərimov evdəki bərabərliyə rəğmən Qurban Qurbanovun yetirmələrinin səfər oyununda da şanslarını yüksək qiymətləndirib: "Düşünürəm ki, səfər meydanında "Qarabağ" üçün daha asan oyun olmalıdır. Rəqib evdə müdafiəyə meyili oynasa da hər halda Bakıdakı qədər olmayacaq. Ən azından qol vurmaq üçün hücuma çıxacaqlar. "Aşdod" müdafiədən oynasa belə arxada boşluqlar verirdilər. "Qarabağ"ın bundan istifadə etmək şansları olacaq deyə düşünürəm. Göründüyü qədərilə "Qarabağ" gedən oyunçuları tam olaraq əvəzləyə bilməyib".

48 yaşlı mütəxəssis rəqibin zəif nöqtələrindən də söz açıb: "Cinahlarda birə-bir güclü olduqların düşünmürəm. Mərkəz zonasında olan oyunçuları ağır görsənirlər. Oturuşmuş müdafiə olanda o qədər də boşluq yaranmırdı ki, "Qarabağ" rəqibi sürətdə üstələsin. Tam olaraq arxada müdafiə olunanda ağır müdafiəçilər üçün rahat olur. Durduğu yerdə ikili mübarizələrdən qalib gələ bilirdilər.

Amma İsraildə bir qədər öndə oynamaq məcburiyyətində qalacaqlar. Belə olan halda müdafiənin arxasına ötürülən toplardan istifadə etmək olar. "Aşdod"un oyununa ilk dəfə "Çukariçki" ilə yoldaşlıq oyununda baxmışdım. Hər ikisi klublarımıza rəqib olduğu üçün həmin oyunu maraqla izləmişdim. Düzdü, yoxlama oyunu ilə komandanı dəyərləndirmək düz olmaz. Amma oyunçuları ayrı-ayrılıqda müqayisə edəndə səhvləri görmək olur. Təkbətək mübarizələrdə və ya başla oynamaqda güclüdülər. Amma sürətli dönmələrdə, müdafiənin arxasına atılan toplarda boşluqlar verirlər. Ən azından "Çukariçki" bu boşluqlardan istifadə edə bilmişdi".

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?