"Qarabağ" "Neftçi"dən daha üstün, inamlı görünür

7 Aprel 2021 11:40 Qarabağ 676
"Qarabağ" "Neftçi"dən daha üstün, inamlı görünür

“Neftçi"nin “Sumqayıt”a 0:2 hesablı məğlubiyyətindən sonra "Keşlə" - "Qarabağ" matçı ağdamlılar üçün xüsusi əhəmiyyət kəsb edirdi.

Zirvəyə qayıtmaq yolunda əla şans yaranmışdı.

Qələbə qazanılacağı halda, 3 xal önə çıxılacaq, psixoloji üstünlük qazanılacaqdı.

Qurban Qurbanov birdən-birə əsas heyətin 4 əvəzolunmaz futbolçusunun xidmətindən məhrum olmuşdu.

Zədəli Qara Qarayev, Mahir Emrelinin durumu öncədən bilinirdi. Millidən yorğun dönən Kapitan Maksim Medvedev və Bədavi Hüseynov son anda heyətdən kənarda qalmışdı.

"Qarabağ" nə qədər təcrübəli komanda olsa da, ciddi itkilər özünü göstərməli idi.

Oyunun ilk dəqiqələrindəki ssenari "Neftçi"-"Sumqayıt" matçını xatırlatdı. Sumqayıtlılar kimi, "Keşlə" də oyun başlayan kimi hesabı açdı. Sanki iki lider komandanın iradəsi, xarakteri yoxlanılırdı.

Sənan Qurbanov görüşə yaxşı hazırlaşmışdı. Fasilədən öncəki oyunların start fitindən önə atılan keşləlilər, bu dəfə fərqli oyun sxeminə üstünlük vermişdi.

Oyunu müdafiədən qurub, əks-hücumlara bel bağlayırdılar. İlk yarıda bəxtləri də gətirmədi, Con Kamaranı itirdilər, məcburi əvəzetməyə gedildi.

"Qarabağ" buraxılan qoldan sonra sarsılmadı. Öz oyun tərzinə sadiq qalan ağdamlılar tam ərazi üstünlüyünə malik idi. Lakin sıx müdafiəni yarmaqda çətinlik çəkirdilər.

Bunun da əsas səbəbi Ovusu və Romeronun oyundan qopması, potensiallarından aşağı çıxış etməsi idi. Baxmayaraq ki, ilk qol epizodunu Xayme yaratmış oldu.

Çətinliklə müdafiəni yaran ağdamlıların əziyyətini hücumda çıxış edən kamerunlu yarımmüdafiəçi sağa-sola xərcləyirdi. Uroş Matiç də özünə bənzəmirdi. Komandanı arxasınca Zubir və Ozobiç aparırdı.

“Keşlə”li müdafiəçilər onları da “bağlamağ”ı bacarırdı. Künc zərbələrindən, standart epizodlardan da lazımınca yararlanılmırdı.

Tam üstünlük "Qarabağ" tərəfdə olsa da, ara-sıra "Keşlə" kəsərli əks-hücumlar təşkil edirdi. Anatolie Abanq bütün oyunboyu "Qarabağ" müdafiəsini təzyiq altında saxlaya bilirdi.

İkinci hissə vəziyyət dəyişmədi, "Qarabağ" hücum edir, "Keşlə" böyük qüvvə ilə müdafiə olunurdu. Qapıçı Kamal Bayramovun inamlı oyununu da qeyd etmək lazımdır.

Dəqiqələr getdikcə, "Qarabağ"ın təzyiqi daha da artırdı. Risk edilir, rəqibin əks-hücumlardan ikinci qolu vurmaq şansı da yaranırdı. Vüsal və Abanq bunu bacara bilərdilər.

Qurban Qurbanov hücumu gücləndirə biləcək, əlinin altında olan bütün futbolçuları oyuna atdı.

Hiss olunrdu ki, "Qarabağ" uduzmaq istəmir. Sona kimi oynamağın bəhrəsi elə sonda da gəldi. Təmiz penalti zərbəsindən yararlanaraq, oyun nisbətən xilas edildi və xal qazanıldı. Bilmək olmaz, bu 1 xal sonda çempionluq xalı da ola bilər.

Bu matçın nəticəsi "Neftçi"ni daha da sarsıtmış oldu. "Qarabağ"ın xal itirməsi ilə “ağ-qaralar” iki xal önə çıxa bilərdi, amma 1 xal geri düşmüş oldu. Ağdamlılar məğlubiyyətlə barışmaq istəməyərək vacib xalla vahid liderliyə yiyələndi.

Son dəqiqələrdə matçın xilas edilməsi "Qarabağ" futbolçularına əlavə mativasiya, inam gətirəcək. Hər iki lider ilk dəqiqələrdən geri düşdükdən sonra biri dönüş yarada bildi, digəri çempionluq finişində sarsıdıcı zərbə aldı.

Oyun planında da itkilərinə rəğmən, "Qarabağ" "Neftçi"dən daha üstün, inamlı görünürdü.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!