Klublar arasında “ötür-ötür” oyunu başlayıb.
Səhv başa düşməyin, bu futbolda bildiyimiz paslaşma deyil - yeni bir “ötürmə növü” yaranıb: video ötürmək.
Klublar futbol oynamaq əvəzinə bir-biri ilə açıq-aşkar müharibəyə giriblər.
Bu savaş nə üçündür?
İki peşəkar klub niyə bir-birinin “qanını içir”?
Niyə bir-biri haqqında video görüntü sızdırmaq yarışına çıxıblar?
Məqsəd nədir?
Əgər sözünüz varsa, komandanın rəhbəri, meneceri var - çıxın, mətbuat qarşısında danışın. Video ötürmək - bu nə yeni dəbdir?
Nədən qorxursuz? Bir-birinizi video ilə “vurmaqla” nə əldə edirsiz?
Futbolu gözdən saldığınızın, azarkeşləri qızışdırdığınızın fərqindəsizmi?
Suallar çoxdur, amma cavab hələdə yoxdur.
“Sabah”ın məşqçisinin təhqiramiz hərəkəti ilə bağlı video İntizam Komitəsinin qərarından sonra üzə çıxarılır.
Marko Yankoviçin hakimə hücum etdiyi görüntü isə aidiyyəti qurumlara təqdim olunmaq əvəzinə, mətbuata ötürülür.
Bununla nə qazanırsız? Onsuz da, problemlərlə üz-üzə olan futbolumuzu niyə daha da zədələyirsiniz?
Dövlət bu sahəyə maliyyəni futbolu inkişaf etdirmək üçün ayırır, bir-birinizi gözdən salmaq üçün yox. Son dövrlərdə stadionlara azarkeş axınının artdığını müşahidə edirik.
Bu müsbət tendensiyanı gücləndirmək əvəzinə, belə qalmaqallarla onu zərbə altına qoymaq yolverilməzdir.
AFFA və PFL bu məsələyə dərhal müdaxilə etməlidir. Əks halda, gedişat heç də yaxşı yerə aparmır və bu qalmaqalların sonu daha ağır nəticələrə səbəb ola bilər.
Sözünüz varsa, mətbuat konfransı keçirin və bütün məsələlərə açıq şəkildə aydınlıq gətirin. Səhv varsa, cəza da olmalıdır. Amma klublar bir-birini “cəzalandırmaq” missiyasını üzərinə götürməməlidir.
Digər ciddi məsələ isə yayım hüququna malik televiziya kanalının davranışıdır. Peşəkar yanaşma tamamilə unudulub.
Avrokubok oyunlarında da qalmaqallar, hətta davalar olur. Amma diqqət yetirin: bu hadisələr müəyyən həddi aşdıqda efirə verilməz, rejissor başqa kameraya keçir.
Bizdə isə əksinə, ev komandasının tuneldəki görüntüləri belə verilişlərdə nümayiş olunur. Futbolda emosiyalar, yüksək səs, hətta müəyyən həddə qədər aqressiya ola bilər - bu oyunun bir hissəsidir.
Amma özünü peşəkar sayan televiziya bu cür görüntüləri efirə verirsə, bu artıq məsuliyyətsizlikdir.
Məqsəd nədir? Növbəti turlarda futbolçuların, azarkeşlərin və klub rəsmilərinin kütləvi davaya çıxması?
Sabah “Qarabağ” canlı yayım maşınlarını stadion ərazisinə buraxmasa, yayım hüququnu məhdudlaşdırsa, nə edəcəksiz?
Məsələ o həddə çatıb ki, artıq İntizam Komitəsi belə, qərar verməkdə çətinlik çəkir. Bu isə vəziyyətin nə qədər kritik olmasını açıq şəkildə göstərir.
Bir daha xatırladıram: AFFA və PFL bu video məsələlərini ciddi şəkildə araşdırmalı və məsul şəxslər cəzalandırılmalıdır.
“CBC Sport” kanalının təsisçilərindən biri də AFFA-dır. Dolayısı ilə bu kanal AFFA-nın məsuliyyət zonasına daxildir.
AFFA dərhal bu məsələni araşdırmalı, verilişin aparıcılarını, redaktorunu və kanal rəhbərliyini izahat üçün çağırmalıdır.
Bu o qədər də çətin proses deyil - bir saatlıq araşdırma kifayətdir ki, həqiqətlər üzə çıxsın.
Unutmayaq ki, bu çempionatın keçirilməsinə dəstək verən, maliyyə ayıran dövlətdir və dövlətin maraqları hər bir sahədə qorunmalıdır.
Futbol şəxsi ambisiyaların yox, ictimai maraqların xidmətində olmalıdır.
MƏNdən demək...

