«İmişli» Premyer Liqanın debütantıdır, təcrübəsizdir, amma bir oyunda 5 qol buraxacaq qədər zəif komanda deyil.
İlk dəfə bu çempionatda iştirak edən biri olaraq artıq mövsümdə iz buraxıblar.
Möhkəm müdafiə xətti ilə seçiliblər indiyədək. Heç-heçə sayında «Neftçi» ilə birinci-ikinci yerləri bölüşdürən «İmişli»nin «Sabah»dan 5 qol «yeməsi»…
Düzü, bəndənizi az təəccübləndirmədi. «Sabah»a sezon ərzində ilk və hələlik yeganə məğlubiyyətini yaşatmış kollektivin bu dəfə qol vura bilməməsini heç nə demirəm.
Çünki Jorj Kaşkilyanın oynatdığı futbol fəlsəfəsi rəqibi cəzalandırmaq üzərində qurulmayıb.
Portuqaliyalı baş məşqçi meydana çıxardığı futbolçulardan yalnız qapının toxunulmazlığını təmin etməyi istəyir.
«İmişli» az-çox önə bağlı oyun üslubundan istifadə etsəydi, noyabrın 23-dən bəri qələbə üzünə həsrət qalmazdı.
Son oyundakı 5 qol «İmişli»də konflikt olması fikri yaradır beyinlərdə. İlk dəqiqələrdəcə əl-qollarını sallaya-sallaya oynayan «İmişli»ni tanımaq olmadı.
«Futbolçular Kaşkilya ilə çalışmaqdanmı yorulub» sualı ətrafında var-gəl etməyə dəyər artıq.
Belədirsə əgər, bu xəmir hələ çox su aparacaq, bir yerdə dayanmayacaq.
MUSA

