“Qalatasaray”ın hücumçusu Mauro İkardi həyat yoldaşı Vanda Nara ilə boşanma prosesinin yaxın günlərdə rəsmi şəkildə təsdiqlənəcəyini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, argentinalı futbolçu sosial şəbəkə hesabında paylaşım edərək, boşanma prosesinə bir il əvvəl özünün start verdiyini bildirib:
“Düz bir il əvvəl Milanda boşanma işi üzrə məhkəmə iclasında iştirak etmişdim. Bu prosesi 2024-cü ilin noyabrında özüm başladaraq rəsmi şəkildə boşanmaq üçün müraciət etdim.
Mən özüm ondan ayrılmaq istəyirdim. 2025-ci ilin martında məhkəmədə iştirak etdim və hakim bir il davam etməli olan ayrı yaşama qərarı verdi.
Qanuna görə, bu müddət tamamlanmalı idi və həmin müddət 11 mart 2026-cı ildə başa çatdı”.
33 yaşlı futbolçu əlavə edib ki, artıq vəkilləri boşanma ilə bağlı yekun sənədlərin hazırlanmasına başlayıb və məhkəmənin rəsmi qərarının yaxın günlərdə elan olunması gözlənilir.

