
“Bir il bundan əvvəl Ermənistan Baş nazirinin Azərbaycan Prezidenti və Baş nazirinə təşəkkür etməsinin şahidi ola bilməzdik”.
Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan Gürcüstanda keçirilən V Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında əldə olunmuş sülhün institutlaşdırılması çox vacibdir.
Paşinyan hesab edir ki, nəqliyyat əlaqələri birgə fayda gətirməklə yanaşı, həm də qarşılıqlı asılılığa səbəb olur:
“Ölkələr bir-biri ilə əməkdaşlıq etməyə başlayanda bu, iqtisadi artıma və əhalinin rifahının yüksəlməsinə gətirib çıxarır. Bir müddət sonra ölkələr anlayır ki, onlar bir-birinin sabitliyində, ərazi bütövlüyündə, suverenliyində, ölkələrin öz qərarlarını qəbul etmək qabiliyyətində qarşılıqlı şəkildə maraqlıdırlar, çünki bu, razılaşmalara nail olmaq və onları həyata keçirmək baxımından vacibdir”.
Paşinyan bildirib ki, Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh yüz il əvvələ nəzər salmaq üçün əla fürsətdir:
“Tarixlərimiz bir-birilə əlaqəlidir. 1918-ci ildə Ermənistan, Gürcüstan və Azərbaycan bir neçə gün ərzində müstəqillik əldə etdilər, sonra eyni dövrdə onu itirdilər. 1991-ci ildə hər üç ölkə, demək olar ki, eyni vaxtda müstəqillik qazandı. Düşünürəm ki, 1991-ci ildə biz 1918-1920-ci illər tariximizdən kifayət qədər dərs çıxarmadıq və müstəqilliyi birlikdə qazanıb, birlikdə itirməyimizin əsl səbəbini anlamadıq. Bunun səbəblərindən biri ondadır ki, biz bir-birimizin müstəqilliyinin, suverenliyinin və dövlətçiliyinin əhəmiyyətini qiymətləndirmədik. O zaman bizə və ya əcdadlarımıza elə gəlirdi ki, bir-birimizlə mübarizə apararaq daha çox fayda əldə edə bilərik, halbuki tarix göstərdi ki, bir-birimizlə mübarizə apararaq biz ən vacibi olan - dövləti, müstəqilliyi itirə bilərik”, - Ermənistan Baş naziri əlavə edib.