“Karvan”ın “evi”nə yığışa bilməməsinin səbəbi üzə çıxdı

18 Oktyabr 2025 23:00 Problem 892
“Karvan”ın “evi”nə yığışa bilməməsinin səbəbi üzə çıxdı

Yevlax şəhər stadionunda örtüyün dəyişdirilməsi prosesi başa çatıb.

İndi yox, hələ iki həftə əvvəl.

Lakin “Karvan-Yevlax” ev oyunlarını doğma şəhərdə yox, Şamaxıda keçirməkdə davam edir.

Oktyabrın 24-də 9-cu tur çərçivəsində “Turan Tovuz”la baş tutacaq oyunun da Şamaxıda gerçəkləşməsi nəzərdə tutulub.

Yevlaxdakı stadion hazırdırsa, komanda niyə qapılarda qalıb?

Bunun başlıca səbəbi UEFA-dan gəlməli olan nümayəndələrin səfərinin yubanmasıdır.

Həm Yevlaxda, həm də Tovuzda yenilənmiş örtüyü gözdən keçirəcək qurum rəsmiləri qazona qiymət verəcək. Bundan sonra isə PFL-in əməkdaşları Yevlaxa yollanıb həm meydanı, həm də stadiondakı ümumi vəziyyəti təftiş edəcək.

Yoxlama prosesinin gələn həftə, ən pis halda oktyabr ayının sonuna qədər başa çatması planlaşdırılıb.

Bu, o deməkdir ki, noyabrın 1-də 10-cu tur çərçivəsində “Karvan-Yevlax”ın “Zirə”ni doğma azarkeşlərinin önündə qəbul etməsi mümkün olacaq.

Yəni klub rəhbərliyi üzərinə düşən işi çoxdan yerinə yetirib. Azarkeşlərin gözünü yolda qoyan UEFA-dan gəlməli olan nümayəndələrdir.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti