“Qarabağ” neçə illərdir avrokuboklarda - Konfrans Liqasında, Avropa Liqasında, Çempionlar Liqasında, Azərbaycan millisi isə AÇ və DÇ-nin seçmə mərhələlərində, Millətlər Liqasında çıxış edir.
Buna baxmayaraq, azərbaycanlı futbolçulara daha yuxarı səviyyəli klublardan hansısa təklif yoxdur.
Komanda.az “Bunun səbəbini nədə görürsüz” sualı ilə “Sportinfo”nun təsisçisi İlkin Vaqifoğluna müraciət edib:
“İlk onu qeyd etmək lazımdır ki, “Qarabağ”ın heyətinin əsasını legionerlər təşkil edir. Və “Qarabağ”da Qurban müəllim (Qurban Qurbanov) hər dəfə 4-5 azərbaycanlıya şans verir.
Bu 4-5 azərbaycanlının düşünürəm ki, Avropadan təklifi ola bilər və var. Bu gün “Qarabağ” həmin yerli oyunçuların Avropaya çıxışına icazə versə, onların heç biri burda qalmaz.
Mən bu qənaətdəyəm. “Qarabağ”da çıxış edən yerli futbolçuların hər biri Avropa klublarında çıxış etməyə qadirdir, layiqdir.
Sadəcə olaraq, onların getmək istəməmək üçün bir niyyətini görürəm. Çünki “Qarabağ”da dayanaqlıdırlar, belə demək olarsa, “uzunömürlüdürlər”.
Və həmçinin, “Qarabağ”ın heyətində avrokuboklarda daim çıxış edib, yaxşı da pul qazanırlar. Ona görə də onlar, düşünürəm ki, Avropaya getməyə bir o qədər də meyl etmirlər.
Amma fikir versək, görərik ki, hər transfer dönəmində istər “Qarabağ”ın yerli, istərsə də, legioner futbolçularına Avropadan, Asiyadan nə qədər təkliflər gəlir. Bu, bir məsələ.
Azərbaycan millisinin uğursuz çıxışını qeyd etmək istəyərdim. Nə vaxt baxırsan bizim milli təəssüf ki, uduzur.
Belə olan halda, davamlı şəkildə uduzan komandanın futbolçularına kim maraq göstərər? Düzdür, deyə biərsiz ki, “Qarabağ” amili də var.
Belə bir şey deyim, tutaq ki, milli komanda davamlı şəkildə məğlubiyyətlərlə üzləşirsə, FİFA reytinqində “100-lüy”ə düşə bilmirsə, təbii ki, həmin ölkənin millisinin futbolçularına maraq istənilən halda az olacaq.
Digər bir tərəfdən, mən burada menecerlik faktını qeyd edərdim. Nədənsə əksər menecerlər çalışır ki, Azərbaycana legioner gətirsin.
Buradan xaricə futbolçu çıxarmaq istəyən menecer azdır. Düzdür, son vaxtlar bəzi müsbət tendensiyalara rast gəlirəm və misal üçün, Emil Əsədov menecer kimi Rüfət Abdullazadənin Xorvatiyaya gedişini təmin etdi.
Əvvəllər də bu səpkidə çalışan menecerlərimiz olub. Amma təəssüf ki, onların sayı azdır.
İndi mən istəyərdim ki, Emil Əsədov kimi azərbaycanlı gəncləri Avropaya apara biləcək və bu cür əlaqələri olan menecerlərimizin sayı çox olsun.
Belə menecerlərin sayı nə qədər çox olsa, təbii ki, yavaş-yavaş digərlərinə də yol açılacaq. Çünk xatırlayıram, 2000-lərin əvvəllərində Kamal Quliyev, Samir Əliyev Ukraynada “Volın”la müqavilə bağladıqdan sonra nə qədər futbolçumuz bu ölkənin çempionatına getdi.
Əsas cığır açmaqdır. Cığır açan futbolçular getdikləri ölkədə yaxşı mövsüm keçirərsə, yaxşı iz buraxarsa, onların ardınca nə qədər futbolçumuz xaricə gedə bilər.
Bunlar hamısı bir-biri ilə əlaqəli olan proseslərdir”.

