
Sportinfo.az-ın redaksiyasına Fərid Quliyevlə bağlı sevindirici xəbər daxil olub.
Məlumatda xeyli vaxtdır narkotik asılılığından əziyyət çəkən 39 yaşlı veteran futbolçunun “ayıq həyat”a qədəm qoyduğu bildirilib.
Fərid Quliyevi yəqin ki, xatırlayırsınız.
18-ci milli çempionatı, başqa cür desək, 2009/10 mövsümünü 16 qolla bombardir qismində başa vuran, 2010-cu ilin yayında “Neftçi”ylə müqavilə bağlayaraq, burada keçirdiyi 2 il ərzində 24 oyunda 4 qola imzasını yazdıran keçmiş hücumçu Berti Foqtun dönəmində Azərbaycan millisində 7 qarşılaşmada 1 qolla fərqlənmişdi.
Futbolçu karyerasına “Qarabağ”, “Bakı”, “Muğan”, “Standart”, “Simurq”, “Turan Tovuz”, “Kəpəz”, “Araz-Naxçıvan”, “Sumqayıt”, “Rəvan” kimi yerli, “Kahramanmaraşspor”, “Yozqatspor” kimi Türkiyə klublarının adlarını yazdıran Quliyev 2017-ci ildə karyerasını başa vurandan sonra gözdən itmişdi.
Yaxın çevrəsindən verilən məlumatda Fəridin narkotik aludəçisi olduğu, futboldan uzaq düşdüyü, hətta aparılan müalicələrin fayda vermədiyi deyilirdi.
Fərid artıq ayaq üstədir. Daha bir xoşagələn xəbər isə səbəbkarın paytaxtdakı futbol məktəblərinin birində məşqçiliyə başlamasıdır.
Ən yaxın zamanda millimizin keçmiş üzvü ilə müsahibəni diqqətinizə çatdırmağa çalışacağıq.
Quliyevin adına sevinir, onu təbrik edir, məşqçilik həyatında futbolçu karyerasındakı parlaqlığı arzu edirik.
HƏBİB / SPORTİNFO.AZ