“Rusiya sülhməramlı qüvvələrinin komandanı, general Aleksandr Lentsovun Bakıda apardığı müzakirələr nəticə verməyib”.
Bunu Xankəndidəki separatçı rejimin oyuncaq “dövlət naziri” Qurgen Nersisyan deyib.
“Məlum olduğu kimi, general-polkovnik Lentsov başda olmaqla, Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ötən həftə Bakıda olub və Qarabağdakı durumu müzakirə edib.
Müzakirələrin nəticələrinə görə, vəziyyəti dəyişmək üçün razılığa gəlmək mümkün olmayıb. Ən qısa müddətdə yeni görüş planlaşdırılır, bunun nəticələri əlavə olaraq bildiriləcək”, - separatçı bildirib.
“Qarabağda yerləşən Rusiya sülhməramlılarının komandanlığına yaxın mənbə deyib ki, Rusiya tərəfi Qarabağda bəzi yüksək rütbəli məmurların da açıq şəkildə iştirak etdiyi anti-Rusiya əhval-ruhiyyəsinin formalaşması faktından narahatdır. Xüsusilə dövlət naziri Qurgen Nersisyanın ötən həftə Bakıya gedən Aleksandr Lentsovun Azərbaycan tərəfi ilə razılığa gələ bilmədiyi barədə bəyanatı mənfi qarşılanıb”. Bunu isə Ermənistanın “Hraparak” nəşri yazıb. “Qarabağdakı mənbələr deyirlər ki, hətta bəzi hökumət dairələri də çaşqınlıq içərisindədir və başa düşmürlər ki, qeyri-iş günü olduğu halda dövlət nazirinin tələsik açıqlama verməkdə məqsədi nə olub. Onlar hesab edirlər ki, "artsax" hakimiyyətini Nikol Paşinyan idarə edir və Rusiyanın "artsax"da sıfır rolu olduğunu göstərməyə çalışırlar. Lentsov Bakıya getməzdən əvvəl separatçılara Bakıya səfərindən böyük gözləntilər gözləməməli olduğunu açıq şəkildə bəyan edib. O bildirib ki, 10 noyabr bəyanatını imzalayan tərəflərin razılaşması çərçivəsində məsələ tamamilə siyasi müstəvidə olduğundan keçid məntəqəsinin yığışdırılmasını gözləməyə dəyməz. Lentsov hətta bəyan edib ki, onun məlumatına görə, mayın 25-də Putinin vasitəçiliyi ilə Paşinyanla Əliyev arasında görüş baş tutmalı və keçid məntəqəsi məsələsi həmin görüşdə həllini tapmalıdır”, - deyə erməni nəşri əlavə edib.
Məlumdur ki, Rusiya sülhməramlıları “Laçın” sərhəd-nəzarət məntəqəsində birgə fəaliyyət təklif edirlər. Azərbaycan isə bu təklifə “yox” deyir. Separatçılar bu məsələ ilə əlaqədar Bakıya gələnədək rus generalla iki dəfə görüşüblər. Görünən budur ki, Lentsov Bakıda separatçıların istəyinin reallaşmasın nail ola bilməyib. Hətta üçtərəfli görüş baş tutsa belə, Azərbaycanın ermənilərin və sülhməramlıların təklifinə razılaşacağı gözlənilmir...
Bu arada Qarabağdakı separatçı rejimin oyuncaq “xarici işlər naziri” Sergey Qazaryan hələ də Ermənistan küçələrində sülənir. Musavat.com erməni mediasına istinadən bildirir ki, ötən həftə daşnaqlarla və Fransadan gələn ermənipərəst nümayəndə heyəti ilə görüşüb, səy-səy danışan Qazaryan mayın 9-da ""artsax"ın hakimiyyət orqanları və xalqı adından" (?!-red.) İrəvandakı Yerablur hərbi panteonuna əklil və gül dəstələri qoyub.
Bildirilir ki, separatçıların Ermənistandakı qondarma “daimi nümayəndəliyi”nin əməkdaşları da Yerablurda olublar. Yayılan xəbərdə sərsəmləmələrin davamında deyilir: ""Artsax"ın 150 günlük blokadası səbəbindən Yerablurda dəfn edilən "artsax" sakinlərinin yaxınları öz qohumlarının məzarlarını ziyarət etmək imkanından məhrumdurlar. Bu gün orada əlavə təmizlik işləri aparılıb, köhnəlmiş bayraqlar da dəyişdirilib”.
Hər halda, maraqlıdır, Qazaryan və onun dəstəsi Xankəndinə qayıtmağı düşünürmü, yaxud geri qayıdarkən hansı yolla gələcəklər? İstisna deyil ki, separatçılar həm də Laçın yoluna əbədi olaraq Azərbaycanın nəzarət edəcəyi halda, onların bu kimi özbaşınalıqlarına birdəfəlik son qoyulacağından təşvişə düşüblər.
Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Şuşadan xalqımıza etdiyi müraciətdə Laçın yolunun başlanğıcında qoyulmuş sərhəd-nəzarət məntəqəsi barədə də qəti fikrini ifadə etdi. Bu isə ondan xəbər verir ki, erməni separatçılar üçün bu mövqe birdəfəlik qapanıb və hər hansı geridönüşdən söhbət gedə bilməz! Kəsəsi, Qarabağdakı separatçıların olan-qalan ümidləri də dəfn edilmiş sayıla bilər.

