Xankəndidə iki quldurun boğuşması pik həddə: Vardanyandan Araikə ultimatum

4 Fevral 2023 12:30 Problem 579
Xankəndidə iki quldurun boğuşması pik həddə: Vardanyandan Araikə ultimatum

Kremlin sadiq iti Ruben Vardanyan konkret təlimatla Qarabağda peyda olandan sonra separatçılar arasında didişmə-çəkişmə, hətta boğuşma əməlli-başlı güclənib.

Xüsusən də Laçın yolunda ictimai fəalların aksiyasından sonra ziddiyyətlər daha da dərinləşib.

Bir qrup erməni ictimai xadimi isə Xankəndidə yuva salmış qondarma administrasiyanın quldurbaşı Araik Arutyunyana ünvanladığı açıq məktubda bəyan edib ki, son 16 ilin əsas siyasi fiquru olaraq “dqr”in hazırkı “prezidenti” görünməmiş böyük ərazi və insan itkiləri ilə yanaşı, 1994-cü ildə on minlərlə insanın həyatı bahasına qazanılan qələbənin əldən verilməsinə görə məsuliyyət daşıyır.

Məktubda deyilir ki, təkcə yerli ermənilər üçün deyil, həm də Ermənistan Respublikasının mövcudluğu, eləcə də xaricdə yaşayan milyonlarla erməninin məsələsi Qarabağın taleyindən asılıdır.

“44 günlük müharibədə “dqr” öz ərazisinin təxminən 70%-ni (?! – red.), Ermənistan 5 mindən çox əsgərini itirdi. İnsanlar sizi itirdikləri uşaqlarının və evlərinin, onların bədbəxtliklərinin və faciələrinin əsas günahkarı qismində görürlər. Tarix göstərir ki, ali baş komandanlar biabırçı məğlubiyyətdən sonra ya intihar edir, ya da istefaya gedirlər. Nə edəcəyinizə özünüz qərar verin” -sitatın sonu. Lakin müraciəti imzalayanların adları açıqlanmır. Beləcə, faktiki Araikə ultimatum verildiyi görünməkdədir.

Yeri gəlmişkən, az öncə Araikin Laçın yolundan Ermənistana, oradan da Rusiyaya getdiyi haqda xəbərlər yayılmışdı. “Hraparak” qəzetinin yazdığına görə, A.Arutyunyan Moskvada Azərbaycanla anlaşmaq üçün Rusiyanın vasitəçiliyini xahiş edəcək. Ermənistan mətbuatı isə detalları açıqlayıb. Nəşr Qarabağdakı separatçıların başçısı ilə qondarma “dövlət naziri” Ruben Vardanyan arasındakı münasibətlərdəki gərginliyin davam etdiyini yazır.

“Əldə etdiyimiz məlumata görə, vəziyyət o qədər ciddiləşib ki, Araik Arutyunyan Rusiya sülhməramlılarının vasitəsilə Moskvaya gedib. Səfərin məqsədi siyasi vəziyyətin həlli yollarını tapmaqdır”, - deyə “Hraparak” xəbər verir.

Məlumatda o da qeyd olunur ki, A.Arutyunyanın Moskvadan xahişi olacaq: Rusiya Qarabağdakı sülhməramlıları vasitəsilə qondarma rejimin “növbədənkənar seçkilər” keçirməsinə zəmanət versin və ya onunla Ruben Vardanyan arasında seçim etsin. “Çünki o, əmindir ki, Vardanyan "dövlət naziri vəzifəsi"ndə qaldıqca, azərbaycanlılar yolu açmayacaq”, - qəzet yazıb.

Və Araikin əleyhinə, özü də Moskva səfəri ərəfəsi belə bir müraciət ünvanlanması suallar doğurur. Əlbəttə ki, bizdən ötrü onların ikisi də cinayətkardır. “İlanın ağına da lənət, qarasına da”. Ancaq aydındır ki, bu ultimatuma bənzər müraciətin arxasında Kremlə bağlı Ruben Vardanyan durur. Hansı ki, anklavda “hakimiyyəti” tam əlinə almağa çalışır. Arutyunyana yaxın mənbələr “Hraparak”a bildiriblər ki, separatçıların başçısı ona qarşı aparılan antitəbliğatın bütün mənbələrini üzə çıxarmaq qərarına gəlib. Bunun üçün o, Xankəndidəki qondarma rejimin “xüsusi xidmət orqanı”na sosial şəbəkələrdəki saxta səhifələr vasitəsilə dezinformasiya yayan “məmurların” araşdırılıb tapılması barədə tapşırıq verib.

Arutyunyan barədə mütəmadi olaraq dezinformasiyalar yayan “Artur Baghdasaryan” adlı Facebook səhifəsinin Xankəndidə vəzifə tutan bir məmurun istifadə etdiyi üzə çıxıb. Məlumata görə, adıçəkilən məmur qondarma “təhlükəsizlik şurası”nın əməkdaşıdır. Eyni “qurum”un qadın əməkdaşının da saxta səhifədən istifadə etdiyi müəyyən edilib. “Hraparak” yazır ki, son vaxtlara qədər “təhlükəsizlik şurası”na hazırda Arayik Arutyunyanın müşaviri olan Vitali Balasanyan rəhbərlik edib, bu isə o deməkdir ki, “ifşa olunmuş” məmurların Balasanyanla əlaqəsi ola bilər.

Bəs separatçılar arasında getdikcə kəskinləşən didişmə nə vəd edir, Azərbaycan buna necə müdaxilə edə bilər və ya etməlidirmi?

Sosial Tədqiqatlar Mərkəzinin sözçüsü, siyasi ekspert Əziz Əlibəyli “Yeni Müsavat”a qeyd etdi ki, Araiklə Ruben arasında gərginləşən münasibətlər bölgədə kimin nüfuzlu olacağı üstündədir. Onun sözlərinə görə, onlardan biri Qərb agenturasının adamıdır, digəri isə Moskvadan koordinasiya edilən şəxsdir. “Buna Paşinyan-Rusiya qarşıdurması da deyə bilərik. Sadəcə, Vardanyan layihəsinin mənasızlaşması Azərbaycanın qətiyyətli mövqeyi və Laçın yolunda ekofəalların başladığı aksiyanın sayəsində oldu. Ona görə erməni oliqarx Ermənistandan dəstəyini itirdi, Azərbaycandan da zərbə aldı, üstəlik, Rusiyanın onu dəstəkləməsindən rəsmi şəkildə imtina edilməsi baş verdi”,- deyə Ə.Əlibəyli vurğuladı.

Ekspertin zənnincə, hazırda Qarabağdakı separatçı qruplaşmalar arasında münasibətlərin həll edilməsinin son mərhələsidir: “Xankəndidə böyük hesablaşma günü yaxındadır. Hər iki qruplaşma silahlıdır, bir-birini qəbul etmir. Bu arada mövqeləri zəifləmiş Vardanyana “ayı xidməti” Lavrovdan gəldi. Onun 7 rayonu dəfələrlə vurğulaması göstərir ki, Azərbaycanın əzəli torpağı olan Qarabağ iqtisadi rayonunu ifadə etmir. Əgər Rusiyanın bu mövqeyi olmasaydı, Araikin Rubeni bitirməsinə şahid ola bilərdik.

Elə hesab edirəm ki, bu gedişlə ikili qarşıdurma silahlı toqquşmayla nəticələnə bilər. Maraqlıdır ki, Azərbaycan torpağın əsl sahibi olaraq hansı mərhələdə bu prosesə daxil olacaq. Fikrimcə, burada iki məsələmiz var - ekofəllar mütləq aksiyanı davam etdirməlidirlər, toqquşan terrorçuların isə qanlı savaş meydanında yorğun düşdüklərini gördükdə meydan bizə qalmalıdır, bu daha realdır”.

Siyasi ekspert Ramiyə Məmmədova separatizm olan bölgəmizdə daxili didişmələrin tezliklə nəticələri olacağını düşünür. Onun fikrincə, Rusiyaya bu oyundan Rubeni qalib çıxarmaq lazımdır: “Plan Ermənistanda siyasi hakimiyyətə yiyələnməyə qədər hesablanıb. Paşinyan bu ssenarini pozmaq üçün öz adamı Araik vasitəsi ilə müqavimət göstərməkdədir. Faktiki olaraq, biz Xankəndi və ətraf ərazilərdə son baş verənlərə təsir, nüfuz edə bilmirik. Bu reallıqla hələlik razılaşmışıq, amma hesablaşmamışıq. Çünki Azərbaycan həmin ərazilərdə suverenliyi təmin etmək üçün Rusiya ilə qarşı-qarşıyadır. Orada nə Araik, nə Ruben bizə başağrısıdırlar, əngəl Moskvadır. Çünki separatizmi himayə edir.

Ancaq Vətən müharibəsində qələbə bizi görün haralara qədər yaxınlaşdırıb, indi Xankəndi və Xocalı bizə bir nəfəs qədər yaxındır. Ekofəalların da aksiyası sübut etdi ki, terrorçuların əl-ayağını necə yığışdırmaq olar. Bizim iki yolumuz qalıb: ya antiterror əməliyyatı keçirməliyik, hələ ki, bunu görmürəm, Bakı “yumşaq güc” siyasətinə üstünlük verir, ya da Rusiyanın bölgədən çıxarmaq üçün səylərimizi artırmalıyıq”.

Digər Xəbərlər
Xəbər Lenti