Olmuyor, bir tanem, olmuyor...

3 Fevral 2023 23:00 Problem 598
Olmuyor, bir tanem, olmuyor...

Premyer Liqa ekvator xəttini təzə keçib. Artıq indidən acı sonluğu təsəvvür etmək çətin deyil.

Az qala hər turda hakim səhvləri sıralanır, baş məşqçilər üsyan edir.

Kiminsə haqqı tapdanır, hansısa komanda lazımsız xallar itirir və beləcə çempionatda iyrənc durum yaranır.

Gedişi ilə dədəsinə rəhmət oxutduran Frits Stuxlikin vaxtında ümumi vəziyyət bundan yaxşı idi. Hələ onda VAR yox idi. Yəni hakimlər epizodun təkrarına baxmaq, qərarı dəyişdirmək kimi ixtiyara sahib deyildi.

İndi Hakimlər Komitəsinin başına dilimiz də, dinimiz də eyni olan türk qardaşımız Barış Şimşək gəlib. Gəlişi ilə özü ilə VAR-ı da gətirdi ki, bəlkə yeni sistemlə durum sabitləşər, problemlər azalar. Amma çi fayda.

Barış abi telekanallardakı çıxışları zamanı hakimlərin tərəfini əldən verməsə də, suç sahibləri olduqlarını üstü örtülü şəkildə vurğulayır. Bu dəfə “CBC Sport”dakı çıxışında “Neftçi” – “Zirə” oyunundan danışanda Vild-Donald Geryeyə göstərilən ikinci sarı, yəni qırmızı vərəqəyə şərh verdi.

Nə demək istədiyini ən yaxşı formada özündən yaxşı anlayan olmadı. Gah hakimin yalnış qərar verdiyini bildirdi, gah daha düzgün qərar verə biləcəyini söylədi, sonda da dedi ki, yox, Rəşad Əhmədovun səhvi yox idi, sadəcə, optimal qərar verə bilmədi.

Məlumdur, hansısa hakim oyunu məhv etsə belə, komitə sədri səhvləri açıq şəkildə deməyəcək. İctimaiyyətin qarşısında ədalət təmsilçilərinin nöqsanlarını etiraf etməsi problemdir. Buna görə AFFA rəhbərliyi dərisini soyacaq. Ki, səhvlər sıralanırsa, sizi ordan bura niyə gətirmişik?

Digər tərəfdən klubların əlinə qulp vermiş olacaq. Hərə bir tərəfdən hay salacaq, ən kiçik qərar belə qıvıq doğuracaq. Ona görə də danışanda belə, səhvləri sığallaya-sığallaya dilinə gətirir.

Hər nə isə, vəziyyət heç də yaxşı deyil. Hazırkı mənzərə belədirsə, finişə yaxın çempionat və kubok mübarizəsində gərginlik daha da artacaq. Kiminsə haqqının tapdanmaması, ciddi narazılığın baş qaldırmaması üçün sayıqlığı və dərslərin sayını artırmaq lazımdır. Əks halda Premyer Liqa bazara dönəcək.

Və bu halla uzağa getmək mümkün olmayacaq. Rafet El Romanın sözü olmasın, olmuyor, bir tanem (oxu: Barış Şimşek), olmuyor...

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"