PFL-dən “Kəpəz”in Gəncəyə qayıdışı ilə bağlı VACİB MƏLUMAT

29 Sentyabr 2022 21:00 Problem 1 314
PFL-dən “Kəpəz”in Gəncəyə qayıdışı ilə bağlı VACİB MƏLUMAT

Gəncə azarkeşlərinin “Kəpəz” intizarı başa çatmaq üzrədir.

4 illik fasilədən sonra Premyer Liqaya qayıdan “sarı-göylər” çempionatın startından bu yana ev oyunlarını Bakıda və Qəbələdə keçirib.

Qərbin paytaxtındakı arenanın tribunalarının qəzalı vəziyyətdə olmasına görə Fövqəladə Hallar Nazirliyi (FHN) çempionatın startı ərəfəsində “Kəpəz”in ev oyunlarına azarkeşlərin buraxılmasına icazə verməmişdi.

Kütləvi tənqidlərdən, Gəncə şəhərinin icra başçısı Nizami Bayramovun stadiona baş çəkib klub rəhbərliyi ilə söhbət etməsindən sonra məsələ həllini tapmağa yaxındır.

Bir neçə gün əvvəl “Kəpəz”in mətbuat xidməti FHN-ə təkrar müraciət olunması, müvafiq qurumun əməkdaşlarının stadiona vizual baxış keçirilməsi, nəticədə birinci yarusda tribunaların mövcud vəziyyəti nəzərə alınaraq təhlükəsizlik qaydalarına riayət olunmaqla arenaya məhdud sayda azarkeşin buraxılmasının mümkün olması barədə məlumat yaymışdı.

Xəbərin son cümləsində komandanın ev oyunlarını Gəncədə keçirə bilməsi üçün son sözün Premyer Liqanın təşkilinə və keçirilməsinə cavabdehlik daşıyan Peşəkar Futbol Liqasına (PFL) məxsus olması da diqqətə çatdırılmışdı.

Məlum paylaşımın üstündən bir neçə gün vaxt keçdiyini nəzərə alıb, PFL-in mətbuat katibi Sənan Abdullayevlə söhbətdə vəziyyətin nə yerdə olması ilə maraqlandıq:

“Bəli, klub tərəfindən Peşəkar Futbol Liqasına müraciət daxil olub. Hal-hazırda məsələ tərəfimizdən müzakirə olunur. Yekun qərar bilinən kimi saytımızda yerləşdiriləcək”.

“Kəpəz” Premyer Liqada növbəti ev matçı çərçivəsində oktyabrın 16-da “Neftçi”ni qəbul edəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti