Nazir: "Ümid edirəm, gimnastika Avropa Oyunlarının proqramına qaytarılacaq"

26 Sentyabr 2022 17:20 Problem 333
Nazir: "Ümid edirəm, gimnastika Avropa Oyunlarının proqramına qaytarılacaq"

Azərbaycanın gənclər və idman naziri, Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov gimnastika idman növünün növbəti Avropa Oyunlarının proqramına qaytarılacağına ümid edir.

Sportinfo.az xəbər verir ki, o, bunu Bolqarıstan milli radiosuna müsahibəsində bildirib.

Nazir 2023-cü ildə Polşada keçiriləcək III Avropa Oyunlarının proqramından gimnastika idman növlərinin çıxarılmasının səbəblərini açıqlayıb.

“Birinci Avropa Oyunlarında gimnastikanın proqrama daxil olması üçün əlimizdən gələni etdik. Bakıda keçirilən yarışlara gimnastikanın bütün altı növü daxil edilmişdi.

Belarusda keçirilən oyunlarda da biz danışıqlar apardıq və gimanistika həmin yarışların da proqramına daxil edildi.

Növlərdən birində problemimiz var idi, lakin Belarus Federasiyasının sayəsində problem aradan qaldırıldı və Minskdə keçirilən yarışlarda da gimnastikanın hər 6 növü təmsil olundu.

Avropa Olimpiya Komitəsi və Avropa Gimnastika İttifaqı bu dəfə də danışıqlar apardı və əlindən gələni etdi, lakin Polşada keçiriləcək yarışın təşkilatçıları ciddi səbəb göstərmədən gimnastikanı proqrama daxil etməkdən imtina etdilər”, - o deyib.

F.Qayıbov A kateqoriyalı üç Olimpiya idman növündən birinin bu dəfəki oyunlarda olmayacağından təəssüfləndiyini bildirib.

Nazir bir müddət əvvəl Münhendə keçirilmiş Avropa çempionatının gimnastikanın nə dərəcədə populyar olduğunu bir daha göstərdiyini söyləyib:

"Ümid edirik ki, növbəti Avropa Oyunlarının təşkilatçıları fikirlərini dəyişəcək və gimnastikanı proqrama qaytaracaqlar".

O, Rusiyada keçirilməli olan, lakin müharibəyə görə təxirə salınmış Bədii Gimnastika üzrə Avropa Çempionatının Azərbaycanda təşkil ediləcəyini əlavə edib.

"Biz 2023-cü ildə Azərbaycan Olimpiya Komitəsinin yaradılmasının 30 illiyini və Prezident İlham Əliyevin təşkilata rəhbərlik etməsinin 25 illiyini qeyd edəcəyik.

Bilirsiniz ki, Azərbaycanda idman dövlət siyasətidir. Dünyada ən yaxşı idman zalları bizdədir. Ölkəmizdə bütün idmançılar üçün gözəl şərait yaradılıb.

Birinci Avropa Oyunları üçün biz su idmanı, o cümlədən atıcılıq üçün gözəl obyektlər tikdik.

Biz ölkənin müxtəlif bölgələrində çoxlu olimpiya kompleksləri tikmişik, buna görə də idman təkcə Bakıda deyil, həm də Azərbaycanın digər bölgələrində inkişaf edir”, - nazir bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!