KLUB SAHİBİ: “Mənin böyük biznesim var, AFFA isə bizə verdiyi sözü tutmur”

13 May 2022 21:00 Problem 1 630
KLUB SAHİBİ: “Mənin böyük biznesim var, AFFA isə bizə verdiyi sözü tutmur”

“AFFA klubumuzu hansı səbəbdən I Diviziona buraxmamasını bizə açıqlamır”.

Region Liqasında debüt mövsümünü keçirən «Xan Lənkəran»ın prezidenti Pərviz Hüseynov Sportinfo.az-a açıqlamasında belə deyib.

Lənkəranlı iş adamı federasiyanın onun yaratdığı klubu I Diviziondan kənarda saxlamasını böyük ədalətsizlik adlandırıb:

“Ötən ilin sentyabrında AFFA-nın ovaxtkı icraçı vitse-prezidenti Elxan Məmmədovla Lənkəranda görüşümüz olmuşdu. Klubun strategiyası barədə geniş söhbət etmişdik.

Ona görmək istədiyimiz işlər və planlar haqda geniş məlumat vermişdik. Bildirmişdik ki, AFFA-nın lisenziyalaşdırma ilə əlaqəli bütün şərtlərini yerinə yetirməyə hazırıq. Biz sözümüzü tutduq.

Uşaq futbol akademiyasını formalaşdırmağa başladıq. Demək olar bütün yaş qrupları üzrə komandalar yaratmışıq. İndinin özündə də digər işləri həyata keçirməklə məşğuluq.

AFFA-nın rəhbər şəxsləri bizimlə həmin görüşdə fəaliyyətimizi dəstəklədi, Lənkəran futbolunun, azarkeşlərinin ünvanına xoş sözlər işlətdi.

Xatırladıldı ki, Divizionda mübarizə aparmaq istəyən klub 3 il Region Liqasında oynamalıdır. İndi görünür ki, verdikləri sözü tutmurlar.

Bu gün kimə müraciət edirik, hamı məsuliyyəti öz üzərindən atır. O. bunun üstünə atır, bu da onun.

Bilmirəm niyə belə edirlər. Bəli, AFFA-nın qərarı var ki, Region Liqasında 3 il çıxış edən Diviziona çıxa bilər.

Biri çağırıb demir ki, siz buna görə Diviziondan kənarda qalmısız, amma varislik variant var, ondan istifadə edə bilərsiz. Bunu biz araşdırmışıq.

Alternativ variantlara baxmışıq və ondan istifadə etmək niyyətindəyik. Söhbət “Mingəçevir”in Energetik”in, “Şamaxı”nın da “Keşlə”nin varisi olması kimi alternativ vasitələrdən gedir.

Onu da nəzərinizə çatdırım ki, “Xan Lənkəran” birinci il deyil ki, fəaliyyət göstərir. Bu klub bir neçə il qabaq “Mamusta”FK olaraq fəaliyyət göstərib.

AFFA bizdən Divizionda iştirakla bağlı heç bir təminat sənədi istəməyib. İstəsələr, onlara bank zəmanəti verə bilərik, üstəlik də, klubun maliyyə mənbəyi barədə bir qovluq sənədi də təqdim edərik.

«Xan Lənkəran»ın maliyyə mənbəyinin şəffaflığına zərrə qədər şübhə ola bilməz. Mənim Rusiyada böyük biznes strukturum, şirkətlərim var.

Bunu asanlıqla dəqiqləşdirmək mümkündür. “Xan Lənkəran”ın Diviziondan kənarda saxlanılması cənublu futbolsevərlərə hörmətsizlikdir.

Biz bu qərarla razılaşmırıq. Bilirsiz ki, klub adından hörmətli ölkə Prezidentinə, birinci vitse-prezidentə, Gənclər və İdman Nazirliyinə müraciət etmişik.

İnanırıq ki, dövlət qurumları müraciətimizi araşdıracaq və ölkə futbolunun inkişafı naminə atdığımız addımı dəstəkləyəcək, bütün futbolsevərləri sevindirəcək. Hazırda böyük ümidlə onlardan müsbət cavab gözləyirik”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"