Vüsal İsgəndərli bacarıqlı, “artırmağa” həvəs göstərən, inadcıl, ölkə xaricində legioner həyatı yaşayan futbolçumuzdur.
Canni de Byazi millinin son toplanışlarında “Ankara Keçiörengücü”nün futbolçusunu yığmaya dəvət etməməklə yanlış, yoxsa doğru qərar qəbul etməsinə dair suala cavab tapmağı öhdənizə buraxıram.
Futbolçunun bundan qəzəblənməsi, komanda yoldaşlarının yanında pis vəziyyətə düşməsi başadüşüləndir.
Adam Türkiyədə legioner həyatı yaşayıb, komandasının aparıcı futbolçularından biri hesab olunursa və bunun qarşılığında antonların, höccətlərin, filiplərin top qovduğu komandada ona yer tapılmamasından qıcıqlanırsa, məsələ məlumdur.
İsgəndərli “BB Erzurumspor”la çempionat matçında son saniyələrdə vurduğu qolla komandasına olduqca vacib 1 xal qazandırıb, yerli azarkeşlərin alqışını və sevgisini qazandı.
Və həmin qolun sevincini eynək jesti etməklə bölüşdü.
Eynək mesajının kimə və niyə ünvanlandığını futbolla dünən maraqlanmağa başlayan azyaşlı da anlamışdır mütləq.
Vüsal sosial mediada paylaşdığı həmin fotonun şərh bölümündə heç kimə mesaj olmadığını yazıb, adi sevinc jesti olduğunu bildirib. Amma bunu kimə inandıra bilərsən axı?
Canni de Byaziyə, yoxsa havadarlarına? Mümkün deyil!
Hə, hadisələrin bundan sonrakı axarı olduqca maraqlıdır. İtaliyalı mütəxəssis qolları sıralayan İsgəndərlini ehtiyat variant kimi ağlında saxlamışdısa belə, bundan sonra ona dəvət göndərəcəyi sual altındadır.
Çılğınlıq, əsəb, emosiya – anlaşılandır. Amma söhbət peşəkar futbolçudan və “bar verməkdə olan ağacdan” gedirsə, təmkinli olmaq əsas şərtdir.
Futbolçu vurduğu qolu, verdiyi qol ötürməsini sakit qarşılayıb, heç nə olmamış kimi davranırsa, kənardan daha mükəmməl, daha cəlbedici görünür.
“Eynəy”i bağlayaq Vüsalın gəncliyinə və gəncliyindən doğan “partlayış”a.
Ümid edək ki, bundan sonra daha təmkinli davranıb, peşəkar davranışları ilə millidəki yerini haqq edəcək. Əmn azından ölkə xaricində tər tökən tək-tük futbolçulardandır.
HƏBİB

