Dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konfrans Liqasında pley-off mərhələsinə yüksələn "Qarabağ"ın üzvlərini qəbul etdi.
Dövlət başçısı görüşdə "Qarabağ"a bu münasibətlə təbrik elədi, komanda haqda fikirlərini bildirdi.
Prezident onlarla artıq 3-cü dəfə görüşdüyünü xatırladaraq, deyib ki, bu komanda ölkəmizə qələbələr gətirir:
“Qarabağ” futbol klubu Azərbaycan azarkeşlərini, deyə bilərəm ki, bütün Azərbaycan xalqını bir daha sevindirib. Bu qələbə bir daha onu göstərir ki, “Qarabağ” futbol klubu Azərbaycan futbolunun flaqman komandasıdır.
Bu, birinci dəfə deyil ki, “Qarabağ” beynəlxalq yarışlarda böyük uğurlar qazanır, xalqımızı, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edir.
Bu uğurlar təsadüfi deyil. Çünki bilirəm ki, klub rəhbərliyi, məşqçi heyəti, futbolçular həm yüksək məsuliyyət, peşəkarlıq göstərirlər, eyni zamanda, müntəzəm olaraq peşəkarlığı artırmaq, daha da yaxşı nailiyyətlər əldə etmək üçün yorulmadan çalışırlar“.
Respublikamızın başçısı daha sonra bildirib:
"Mən sizinlə üçüncü dəfə görüşürəm - 2014-cü ildə, 2017-ci ildə və bu dəfə. Nə üçün?
Çünki siz ölkəmizə, xalqımıza qələbələr gətirirsiniz və çox istərdim ki, bizim digər futbol klublarımız sizin yolunuzla getsin və mən onlarla da görüşüm, onları da nailiyyətlər, uğurlar münasibətilə təbrik edim.
Əminəm ki, bu da olacaq. Amma “Qarabağ” yenə də deyirəm, hələlik Azərbaycan futbolunun aparıcı komandası olaraq qalır. Sizə yeni mərhələdə uğurlar, nailiyyətlər, qələbələr arzulayıram. Bir daha sizi təbrik edirəm".
Cənab Prezidentin bu fikirləri ölkə futbolunun inkişaf erasının yeni yol xəritəsidir. Hər şey burada bütün konturları ilə öz əksini tapıb.
Dövlətimizin rəhbəri “Qarabağ“ı bu sahəyə aid bütün dairələrə örnək göstərməklə, bir daha nümayiş etdirdi ki, o, büün proseslərdən xəbərdardır və bütün işlərin peşəkar səviyyədə qurulmasını istəyir.
İlham Əliyevin “Qarabağ“ı “flaqman“ adlandırması da gerçəklikdir və doğrudur. Bəli, əvvəl “flaqman“ deyiləndə “Neftçi“ yada düşürdü.
Axı “Neftçi“ böyük keçmişi olan, vaxtilə ölkə futbolunun elatonu kimi qəbul edilən klubdur. Azərbaycan keçmiş ittifaqın futbol səhnəsində bu komandanın simasında özünü tapıb.
“Neftçi“ həmin illərdən bəri milyonlarla tərəfdar toplayıb və sonrakı illərdə də müəyyən yeniliklərə imza atıb.
Hər halda “Neftçi“nin avrokubokların qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olması faktdır.
Hər aşığın öz dövranı var. Bu gün liderlik bayrağı “Qarabağ“ın əlindədir.
Ağdam komandası 8 mövsümdür ki, respublikamızın idman şərəfini beynəlxalq yarışlarda layiqincə qoruyur və təmsilçisi olduğu Qarabağ bölgəsinin, ümumilikdə Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm missiya yerinə yetirir.
Hələ də buna qısqanclıqla yanaşanlar var, deyəsən. Xüsusilə AFFA və ona bağlı çevrələrdən. Federasiyanın nəzarəti altında fəaliyyət göstərən «CBC Sport» bu mənada «fərqlənir».
Telekanalın hazırladığı resportajlarda, süjetlərdə biz yenə “Qarabağ“ı qıcıqlandırmaq meyllərini müşahidə etməkdəyik.
Prezidentlə görüşdən 2 gün sonra keçirilən “Qəbələ“ - “Neftçi“ matçının canlı yayımında şərhçinin ikinciləri nəzərdə tutaraq, “flaqman“ adlandırmasını indi ictimaiyyət necə başa düşsün?
Konfrans Liqasının qrup mərhələsinin “Kayrat“ və “Omoniya“ ilə Bakıda təşkil olunan oyunlarında da bizlər şərhçinin “Qarabağ“ın futbolçularını yerli-yersiz tənqid hədəfi eləməsini, hətta kanalın aparıcı nümayəndələrindən birinin Kiprdə qazanılan 4:1 hesablı qələbəyə kölgə salmaq cəhdlərinin şahidiyik.
Aydındır ki, AFFA “Qarabağ“ın qazandığı uğurları həzm edə bilmir. Federasiya rəhbərliyi bu klubun əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşmasını gizlətməyib – bəzən media mənsublarının dili, bəzən UEFA-nın vasitəsilə.
Bu, polemikaya açıq məsələ olmaqdan çıxıb, həqiqət publikaya bəllidir. “CBC Sport“un əməkdaş(lar)ının Prezidentin məlum çıxışından sonra da “flaqman“ın kimliyi ilə bağlı mübahisə açması təəssüf və təəccüb doğurur.
Yəni, doğrudanmı, bu kanalda hələ də bilməyən var ki, ölkə başçısı hansı klubu o ada layiq görüb?
Elə isə köhnəlmiş iddialardan əl çəkməməklə “CBC Sport“ nə demək istəyir - yalnız AFFA-nın maraqlarını qoruduqlarını?
BİZ

