Mahir Emreli “Legiya”dan ayrılmalıdır, amma...  AKTUAL PROBLEM

16 Dekabr 2021 17:40 Problem 2 140
Mahir Emreli “Legiya”dan ayrılmalıdır, amma...  AKTUAL PROBLEM

“Legiya” azarkeşlərinin futbolçulara hücum çəkməsindən sonra Mahir Emrelinin Polşadan ayrıla biləcəyi deyilir.

Əslində, Mahir hansı kluba getdiyini yaxşı bilirdi. “Legiya” azarkeşləri çılğın və tələbkardırlar.

Belə azarkeşləri olan, qarşısında maksimum hədəf qoyulan istənilən klubun fanatları uğursuzluq olduğu təqdirdə, bu cür olaylar yaradırlar.

Əsas odur ki, belə etirazdan sonra da toparlanmağı bacarasan. “Legiya”nın uğursuz çıxışında futbolçuların və o cümlədən Mahirin “əməyi” olduqca azdır.

Elə təkcə “Spartak”la qarşılaşmaya baxdıqda, komandada hər hansı oyun sisteminin olmadığı aşkar sezilirdi.

Baş məşqçinin futbolçularının potensialından yararlana bilmədiyi bəlli idi. Deməli, “Legiya” üçün ən ümdə məsələ baş məşqçi problemini həll etməkdir.

Amma azarkeş ağıl, məntiqlə yox, hisslə düşünür. Ona görə də, fanatlar üçün etiraz anında “əsl günahkar kimdir” sualının cavabı bir o qədər də əhəmiyyətli olmur.

Olan oldu, keçən keçdi, “Legiya” fanatlarının zorakılığı Mahir Emerlini klubdan ayrılmağa vadar etməlidir?

Fikrimizcə, Emreli “Legiya”nı indiki məqamda tərk etsə, bu, onun əleyhinə işləyəcək. Çünki onu zəif xarakterə sahib olmaqda ittiham edə bilərlər.

Üstəlik, Mahir “Legiya” azarkeşlərinin yaddaşında da uğursuz transfer kimi qalacaq. Ona görə də, xarakter göstərmək, klubda qalmaq lazımdır.

Mahirin Polşa çempionatında özünün göstərmək üçün potensialı var. Sadəcə komandanın potensialından yararlanmağı bacaran baş məşqçi lazımdır.

“Legiya” rəhbərliyi bu problemi həll edə bilsə, nəticə də olacaq. Ondan sonra isə bütün umu-küsülər yaddan çıxacaq.

Mahir “Legiya”dan ayrılmalıdır. Amma daha güclü çempionata və daha adlı-sanlı kluba keçmək naminə.

İndiki halda bu ayrılıq baş versə, inanmırıq ki, Mahirə Polşa çempionatından daha səviyyəli bir çempionatdan təklif gəlsin.

Ayrılsa, Azərbaycana qayırtmaq məcburiyyətində qalacaq. Bu da onun əleyhinə işləyəcək.

Tənqidlər artacaq, onu möhkəm xarakterə sahib olmadığı üçün qınayacaq, istedadsız olduğunu qabardacaqlar. Gəl ondan sonra reputasiyaya dəymiş bu zərəri bərpa et.

İndiki halda Polşada baş verənlər onun yanında toya getməli olacaq. Mahir Emreli heç bir halda “Legiya”nı indi tərk etməməlidir.

Sabahkı problemin yanında “toya getməli” olan indiki durumu seçməlidir. Seçməli və mübarizə aparmalıdır.

Xarakter məhz belə mübarizə zamanı formalaşır. Elə əsl futbolçu da.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti