Cənab Prezident İlham Əliyevin “Qarabağ”la bugünkü görüşündən və həmin görüşdə “Qarabağ”ın şəninə səsləndirdiyi fikirlərdən sonra “Neftçi” rəhbərliyinin, klubda çalışanların, komandaya cavabdehlik daşıyanların, top dalınca qaçanların hansı hisslər keçirdiyini təsəvvür etmək çətindir.
Ürəyi Azərbaycan futbolu və onun keçmişi ilə döyünən hər kəs mütləq ki, ağ-qara rəngləri gözləri önünə gətirib, təəssüfləndi.
Məntiqlə, “Neftçi”dəki əsas söz sahiblərinin vicdanı sızıldamalıydı. O boyda tarixin, imkanın, ad-sanın qarşılığında klub-komandanın düşdüyü vəziyyətə görə. Sızıldadımı? Kimlərəsə toxundumu? Yalançı olmaq istımirəm.
Əlbəttə, son 1-2 ildə “Neftçi”də piar planında böyük işlər görülməkdədir.
Ölkə futbolu tarixində ilk dəfə klub televiziyasının istifadəyə verilməsi, “Bakcell Arena”da şəhid azarkeşlərin xatirəsinə guşənin yaradılması, aşağı yaş qruplarından ibarət komandalarla görüşlərin təşkili, müxtəlif sponsor-tərəfdaş şirkətlərin futbola cəlb olunması, qadınlara qarşı zorakılıqla mübarizəyə dəstək və sair.
Avropada nəticə qazanmaqdan, “Neftçi”nin tarixi adını qoruyub-saxlamaqdan başqa nə desən var klubda. Adamların başı qadınlara zorakılığa qarşı mübarizəyə qarışdığı vaxtda “Neftçi”nin özünü zorlayırlar.
Di gəl, kimsə meydandakı zorlanmaya qarşı mübarizə aparmır. Apara bilmir. Aparmaq istəmir.
“Qarabağ” Azərbaycan futbolunda yeni səhifə açıb və uğurlu yolun davamını gətirməkdədir.
Hətta ölkə başçısı qaçqın statusundan qurtulan komandanın Avropa macərasını diqqətdə saxlayır və danışığından da göründüyü kimi yaşıl meydanlarda yaşananlardan kifayət qədər xəbərdardır.
Sadəcə, beynəlxalq arenalardakı qürurumuzun Azərbaycandakı döyüş meydanında rəqibsiz qalması, başqa cür desək, ona rəqib ola biləcək “Neftçi”nin miskin duruma düşməsi ağıllarda suallar yaradır, ümumi futbol mənzərəsinin hansısa küncünə ləkə salır.
Əlbət, başda vaxtilə ağ-qara formanı tərlətmiş Qurban Qurbanov başda olmaqda bütün “Qarabağ” camiəsi üzgündür bakılıların indiki halına.
Qadın zorakılığına qarşı mübarizə aparmaq xoş haldır.
Kişilərin sevdiyi kişi oyun növündə kişi komandasının zorlanmasına qarşı kim mübarizə aparacaq, bax, bu sualın cavabını tapmaq lazımdır.
Bir tədbiri də bu suala cavab tapmaq üçün təşkil etmək gərəkir.
HƏBİB

