Hazırda İngiltərədə - "Fulhem"də çıxış edən Serbiya yığmasının ulduzu Aleksandar Mitroviç DÇ-2022-nin seçmə mərhələsində vacib qollar vurdu.
Amma biz onu intizamsız futbolçu kimi tanıyırıq.
Çünki 27 yaşlı hücumçu 2012-ci ildə "Partizan"ın heyətində Bakıda - Avropa Liqasının qrup matçında "Neftçi"nin qapıçısı Saşa Stamenkoviçə qarşı təhqiramiz hərəkətlər etmişdi.
İntizamsızlığı onun daha yaxşı klubda oynamasına mane olmur?
Sportinfo.az xəbər verir ki, gənclər yığmamızın baş məşqçisi Milan Obradoviç həmyerlisi haqda bunları söyləyib:
"Mitroviçi çox yaxşı tanıyıram. Onunla 6 ay "Partizan"da birlikdə oynamışam. Daha sonra Belçikaya - "Anderlext"ə getdi. 2012-ci ildə çox gənc idi.
Hər bir gənc futbolçu kimi enerjisi çox idi. Razıyam, "Neftçi" ilə görüşdə idmançıya yaraşmayan hərəkət etmişdi. Amma ümumilikdə başqa cür insandır.
O vaxtdan bu yana xeyli dəyişib. Onunla söhbət edəndə, bir fincan qəhvə içəndə bunu açıq-aşkar hiss edirsən. İnsanlar bu futbolçuya hörmət edir.
Mitroviç Serbiya yığmasının tarixində ən yaxşı hücumçudur. Təsəvvür edin, millidə nə qədər qol vurub.
Bəlkə də hücumçu kimi çox pressinq etmir, amma rəqibin cərimə meydançasında heyvan kimidir, əsl 9 nömrədir. Çox gözəl qol durumu və topu saxlama bacarığı var.
Bu mənada, İngiltərə variantı ən doğru seçimdir. Çünki orada bu cür oynayan hücumçulara ehtiyac var. Hazırda aşağı liqada oynayır.
Amma düşünürəm ki, "Fulhem" tezliklə Premyer Liqaya qayıdacaq. Mitroviçin İngiltərədə daha yaxşı kluba keçmək üçün həm keyfiyyəti, həm də yaxşı əlaqələri var.
Sadəcə, özünü "Fulhem"də rahat hiss etdiyi üçün orada oynayır. Hər yaxşı oyunçu top-klubda çıxış etmir.
Daha yaxşı maaşa daha iddialı kluba keçə bilər. Lakin bu, Mitroviçin seçimidir və ona hörmətlə yanaşmaq lazımdır".

