“Qarabağ” avrokuboklarda növbəti dəfə hakim haqsızlığı ilə üzləşdi.
Ağdamlıların Konfrans Liqasında “Bazel”ə qarşı keçirdiyi matçın 2-ci dəqiqəsində Abdulla Zubirin rəqib qapısına endirdiyi zərbədən sonra top qapı xəttini keçsə də, nə yan xətt hakimi, nə də baş hakim mərkəzi göstərdi.
VAR olmayan turnirlərdə belə “goal-line” texnologiyası tətbiq edilir. Hakimlərin qolundakı saatlar top qapı xəttini keçdikdə onlara bu barədə məlumat ötürür.
Bu “Qarabağ”a qarşı UEFA hakimlərinin ilk “səhvi” deyil. Bundan öncə də dəfələrlə Azərbaycan təmsilçisinə qarşı həlledici məqamlarda səhvlər olub. Təbii ki, bunların içində ən məşhuru 2014-cü ildə ağdamlıların italiya “İnter”inə qarşı keçirdiyi matçda baş verən qalmaqaldır.
Qarşılaşmanın sonlarında Qurban Qurbanovun komandası rəqib qapısına yol tapmışdı, hakim isə hələ o vaxt “Qarabağ”ı pley-off-a daşıyacaq qolu qeydə almamışdı. Klub bununla bağlı qitə futbol qurumuna dəfələrlə şikayət etsə də, qərar dəyişməmişdi.
Növbəti belə səhv isə Konfrans Liqasının qrup mərhələsinin son ev oyununda “Omoniya”ya qarşı matçda oldu. Həmin qarşılaşmanın 64-cü dəqiqəsində Filip Ozobiç oyundakənar vəziyyətdə olmasa da, hakim qolu qeydə almamışdı.
51-ci saniyədən etibarən həmin qola baxa bilərsiniz:
Ümumiyyətlə, qrup matçlarına nəzər salsaq, “Bazel” bir çox oyunlarda hakimlərin “dəstəyi” ilə xallar əldə edib.
Məhz bunları nəzərə alaraq, İsveçrə klubu ilə matçdan əvvəl Qurban Qurbanova hakimlər barədə sual ünvanlanmışdı. Təcrübəli çalışdırıcı “hakimlər nə istəsələr, edəcəklər və biz onlara heç bir qarşılıq verə bilməyəcəyik” cavabını vermişdi.
Elə qarşılaşmadan sonra Qurbanov açıqlamasında “hakimlərin ədalətli olmasını istərdim” açıqlamasını verdi.

