"Lazım olsa, günlərlə AFFA-nın qapısında qalacam" - Bölgə klubundan sərt AÇIQLAMA

19 Noyabr 2021 23:20 Problem 2 480
"Lazım olsa, günlərlə AFFA-nın qapısında qalacam" - Bölgə klubundan sərt AÇIQLAMA

Bir neçə gün əvvəl Yevlaxın "Karvan" komandasının acınacaqlı durumu mətbuatda geniş rezonans doğurdu.

Belə ki, Regiyon Liqasında mübarizə aparan bölgə klubu ciddi maliyyə böhranından dolayı "Göyəzən"lə ev oyununda komandaya dəstək məqsədi ilə "1 manat" aksiyası keçirmiş və sonda cəmi 116 manat pul yığılmışdı.

"Karvan"dakı son vəziyyəti öyrənmək üçün baş məşqçisi Kənan Kərimovla əlaqə saxladıq. Kərimov hazırkı durumu belə izah etdi:

"Nəticələr baxımından komandanın işləri pis getmir. Amma sponsor cəhətdən çətinliklərimiz var. Hər gün şirkətlərlə danışıb, komandaya sponsor cəlb etməyə çalışıram. Amma nəticə hələ yoxdur.

Komandanı yaratmaq elə də asan deyil. Bu yolda nə zülümlər çəkdiyimə Allah şahiddir. Amma davamlı olması üçün sponsor olması mütləqdir. Hələki dözürük. Bunda da yaxın dostlarım "sağ olsun" köməklik göstərirlər. Komandanın yarıda qalmaması üçün çalışırıq.

"Karvan" mənim şəxsi komandam deyil. Yevlax şəhərini təmsil edirik. Hamı bir yumuruq kimi birləşməlidir. İcra hakimiyyətinə də müraciət etmişik. Hələ bir xəbər yoxdur".

Gənc mütəxəssis "Geniş rezonans doğuran aksiyadan sonra heç əlaqə saxlayıb, kluba yardım etmək istəyən olmadımı" sualını isə belə cavabladı:

"Etdiyimiz aksiyadan sonra, açığı, dəstək gözləyirdim. Amma nə şəhər rəhbərliyindən, nə də federasiyadan maraqlanan olmadı. Heç olmasa AFFA-dan zəng edib maraqlanacaqların gözləyirdim. Hələki gözləyirəm, maraqlanan olmasa, gedib qapılarını döyəcəm. Lazım olsa günlərlə, saatlarla federasiyanın qapısında qalıb onlardan cavab gözləyəcəm. Demirəm ki, bizə sponsorluq etsinlər. Ən azından bəzi xırda məsələlərdə bizə dəstək olsunlar".

Xanoğlan/Sportinfo.az

Digər Xəbərlər
Xəbər Lenti