Qazaxıstan Futbol Federasiyası dövlət və onun müvafiq strukturları hesabına maliyyələşmədən imtina edib.
Bu barədə federasiyanın baş katibi Azamat Aytxojin qurumun rəsmi saytına açıqlama verib.
O bildirib ki, bu qərar 2022-ci il dünya çempionatının seçmə mərhələsində Fransa yığmasına 0:8 hesabı ilə uduzduqları oyundan sonra qəbul olunub:
"Federasiya UEFA-nın vəsaiti hesabına maliyyələşəcək. Həmçinin buraya sponsor gəlirləri cəlb olunacaq".
Qazaxıstan DÇ-2022-nin seçmə mərhələsində uğursuz çıxış etdi. Amma Azərbaycan yığmasının nəticəsinə baxanda, xeyli uğurlu.
Yəni bizimkilər seçmə mərhələni 1 xalla yekunlaşdırdılar, amma qazaxlar 3 xal toplaya bildilər və D qrupunu sonuncu pillədə başa vurdular.
Qazaxıstan hökuməti qərara gəlib ki, daha futbola dotasiya ayırmasın. Yəni qazaxlar başa düşüblər ki, inkişaf, pul çox olan yerdə deyil.
İnkişaf, işin peşəkar şəkildə qurulmasındadır. Qazaxıstan hökuməti gec də olsa bunu başa düşüb, səhvini düzəldib.
Allaha dua edək ki, Azərbaycanda da bunu başa düşəcək və səhvi düzəldəcəklər. Başa düşəcəklər ki, seçmə mərhələdə Azərbaycanı iki dəfə məğlub edən Lüksemburq yığmasının futbolçuları bizim oyunçulardan 3 dəfə az məvacib alırlar.
Təkcə bu fakt bəs edir ki, “çox məvacib alan futbolçu yaxşı oynayar” iddiasının axmaqlara məxsus olduğunu biləsən.
Azərbaycan hökuməti futbola dotasiyanı kəsməlidir. AFFA-nın canı çıxmalıdır, özü özünün dolandırmalıdır.
44 günlük müharibə bitən kimi Laçın və Kəlbəcər istiqamətində qulluq edən hərbçilərin məvacibini azaltdılar ki, daha cəbhə xətti yoxdur.
Bir neçə gün əvvəl o istiqamətdə 7 şəhid verdik. Niyə orada qulluq edən hərbçi 600-700 manat məvacib almalı, amma Lüksemburqa məğlub olan futbolçuların məvacibi 20 min manat olmalıdır?
Bu müqayisəni yazanda belə adam utanır. Amma o məvacibi alanlar, onlara o pulu verənlər utanmırlar.
Pul olan yerdə inkişaf yoxdur. Xüsusən də Azərbaycanda. Azərbaycan futbolunda pul olan yerdə, adətən, dələduzlar peyda olur.
Onların da sayı yox, hesabı yox. Bir xeylisi də “istedadlı dələduzlar”dır.
Bax, Azərbaycan futbolu o “istedadlı dələduzlar”ın monopoliyasındadır. Çünki burda asan yola əldə ediləcək pul var.
Pulu kəsmək lazımdır! Pul olan yerdə qeyri-peşəkarlar var, nəticə yoxdur. Pul olmayan yerdə isə peşəkarlar və nəticə olur.
Ay hökumət, nə olar, heç olmasa, bir dəfə də “lotereya” alın də. Heç olmasa, bir dəfə də biz deyəni yoxlayın.
Pulu kəsin. Kəsin pulu!
Natiq Muxtarlı