SOCAR pulu AFFA-ya yox, nazirliyə verəcək və...

15 Noyabr 2021 15:00 Problem 1 781
SOCAR pulu AFFA-ya yox, nazirliyə verəcək və...

Azərbaycan dövləti futbolun inkişafı üçün uzun illərdir ki, külli miqdarda vəsait ayırır.

Amma bu vəsait, sanki havaya sovrulur. Çünki Azərbaycanda futbol, demək olar ki, yoxdur.

Təkcə “Qarabağ”ı çıxmaq şərtilə futbol təsərrüfatında bərbad durumun olduğunu iddia edə bilərik. “Qarabağ”a da dövlətin ayırdığı vəsaitdən pay düşmür.

Dövlətin ayırdığı vəsait tam şəkildə AFFA-ya verilir. AFFA da bu vəsaiti milli komandalara və nəzarətində olan klublara verir. Milli komandalardan danışmağa dəyməz.

Azərbaycan yığması Avropada ən zəiflərdəndir. Bəlkə də, ən zəifdir. Özü də bütün yaş qrupları. AFFA-nın nəzarətində olan klubların da hansı durumda olduğunu avrokuboklar göstərdi.

Deməli, dövlətin ayırdığı vəsaitin heç bir nəticəsi yoxdur. Niyə yoxdur? Ona görə ki, bu vəsait təyinatı üzrə xərclənməyib. Qeyri-peşəkar idarəçilərin əlində olan vəsaitin nəticə verməyəcəyi də bəlli olmalıdır axı.

Dövlətin bir QHT-yə (AFFA qeyri-hökumət təşkilatıdır) 10 milyonlarla vəsait ayırması özünün doğrultmadı. Bu QHT-in dövlət qarşısında heç bir öhdəliyi, məsuliyyəti yoxdur.

Heç Azərbaycanın qanunları əsasında da fəaliyyət göstərmir. FİFA və UEFA-ya tabedir. Belə olan halda, zərərin yarısından da qayıtmaqda fayda var. Artıq AFFA-ya dövlət tərəfindən vəsait ayrılması dayandırılmalıdır.

Demirik ki, dövlətin futbola dəstəyi olmamalıdır. Yox, amma bu vəsait elə dövlət qurumu tərəfindən xərclənməlidir.

Hesab edirik ki, SOCAR-dan futbola ayrılan vəsait AFFA-ya ox, Gənclər və İdman Nazirliyinə verilməlidir. Dövlətin pulundan bütün klublara pay çatmalıdır. O vəsait nazirlik tərəfindən klublar arasında müəyyən strategiya əsasında bölünməlidir.

Məsələn, vəsaitin bir qismi bərabər şəkildə klublar arasında bölünür. Deyək ki, hər kluba il ərzində birdəfəlik 2 milyon manat ayrılır.

Bu, onun üçündür ki, elitada çıxış edən komanda ən azı mövsümü başa vurmaq üçün heç bir narahatlıq keçirməsin.

Tutaq ki, “Kəpəz” elitaya vəsiqə qazanıbsa, bilir ki, illik 2 milyon manatı var. Bu da olur Gəncə klubunun bank təminatı. Yəni AFFA birinci divizionda qalib olmuş komandanı elitaya buraxmamaq üçün mənasız bəhanələr gətirə bilməyəcək.

Vəsaitin bir qismi isə rəqabət yaratmaq üçün mövsümün sonunda klubların çempionatda tutduqları yerə görə verilməldir. Ümumiyyətlə, stimul yaratmaq üçün xeyli versiyalar var.

Məsələn, yığma komandalara ən çox futbolçu verən, heyətdə ən çox yerli futbolçuların olduğu komandalar daha artıq vəsait ala bilər (bu strategiyanın hazırlanması üçün sportinfo.az dəstək verməyə hazırdır).

Futbola ayrılan vəsait AFFA-ya yox, Gənclər və İdman Nazirliyinə veriləcək və... Nazirlik dövlət qurumu olduğu üçün vəsaitin hesabatını verəcək, üstəlik, nəticəyə görə də məsuliyyət daşıyacaq.

Dövlətin, futbolun inkişafı üçün ayırdığı milyonları hər hansı bir QHT-yə vermək olmaz. Üstəlik, o QHT-də məsuliyyətli idarəçilər yoxdursa.

Natiq Muxtarlı

Digər Xəbərlər
Xəbər Lenti