Bu adam ya yalan danışır, ya da...

13 Noyabr 2021 14:40 Problem 831
Bu adam ya yalan danışır, ya da...

Azərbaycan yığması Avropada həmişə autsayderlər arasında olub.

Nə qədər zəif olsaq da, Avropada xal ala biləcəyimiz rəqiblər var idi.

Lüksemburq, Malta, Farer adaları, San-Marino kimi komandalara azərbaycanlı azarkeşlər potensial 6 xal mənbəyi kimi baxıblar.

İndi situasiya dəyişib. Hazırda Azərbaycan yığması Lüksemburq üçün potensial 6 xal mənbəyidir.

Yəni, Canni De Byazinin deməsindən belə çıxır ki, Lüksemburq, Malta, Farer adaları Azərbaycan yığmasından xal alırlar, amma çətinliklə.

Komandanın potensialı budurmu? Yox, bu deyil. Axı yığmadakı futbolçuların əksəriyyəti “Qarabağ”ın heyətində zəngin və uğurlu Avrokubok təcrübəsinə sahibdirlər.

Necə olur ki, bu futbolçular Avrokuboklarda möhtəşəm çıxış edirlər, biz onların ustalığından ağızdolusu danışırıq, amma yığmanın heyətində nəyəsə nail ola bilmirlər?

Deməli, məşqçi işi düzgün deyil.

De Byazi millimizin futbolçularının potensialından yararlana bilmir.

Onu Azərbaycana gətirən menecerinin diqtəsi ilə “Sumqayıt”ın futbolçularını bütün xətlər üzrə heyətə salmaqla, yığmanın oyun keyfiyyətini aşağı salır, xətlərarası əlaqəni pozur. Ona görə də yığma Avropanın autsayderləri üçün də potensial xal mənbəyinə çevrilir.

De Byazinin ölkə mətbuatından xəbərdar olmaması ilə bağlı dedikləri onun qeyri-peşəkarlığının göstəricisidir.

Sən dili bilməyə bilərsən, amma ölkə mətbuatında sənin işinə verilən qiymət, yerinə göstərilən namizədlərlə bağlı mütəmadi olaraq məlumat almalısan.

Bu adam ya yalan danışır, ya da Araz aşığından, Kür də topuğundan olduğu üçün ictimai rəyi nəzərə almır.

Ola bilsin, De Byazi yerinə türk mütəxəssisin gətirilməsindən qətiyyən narahat deyil.

Artıq öz xidmətini bir neçə Avropa ölkələrinə təklif edib. İnşallah, Avropada onun xidmətinə ehtiyac duyan ölkə tapılar.

Natiq Muxtarlı

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!