Bu rayonda klubu yaşatmaq üçün 1 manatdan pul yığdılar

11 Noyabr 2021 16:40 Problem 1 270
Bu rayonda klubu yaşatmaq üçün 1 manatdan pul yığdılar

Azərbaycan futbolu ilə bağlı biabırçılıqlar bir-birini əvəz etməkdədir.

Sportinfo.az apasport.az-a istinadəm xəbər verir ki, 2021/22 mövsümü yenicə start götürən Region Liqasında bənzəri görünməyən daha bir hadisə baş verib.

Əldə etdiyimiz məlumata görə, Şimal-Qərb regionu üzrə II turda keçirilən “Karvan” – “Göyəzən” oyunundan əvvəl stadiona toplaşan azarkeşlərdən pul yığılıb.

Məsələ burasındadır ki, həyatda qalması üçün “Karvan”a yardım kompaniyası çərçivəsində yevlaxlılardan hərəyə 1 manatdan dəstək olmaq xahiş edilib. Ancaq heç kim buna məcbur edilməyib, proses könüllü şəkildə aparılıb.

Məlumatı əməkdaşımızla söhbətində “Karvan”ın baş məşqçisi Kənan Kərimov da təsdiqləyib. O, komandanı ayaqda saxlamaq üçün başqa variantlarının olmadığını söyləyib:

“Ümumiyyətlə, bank hesabı açmışıq, bir çox iş adamlarına müraciət etmişik. Komandanı saxlamaq böyük vəsait tələb edir.

Şəhərə afişalar vuruldu ki, insanların məlumatı olsun. Ən azı sevinməlidirlər ki, mənim sayəmdə futbol Yevlaxa qayıdıb.

Oyun zamanı isə stadionda elə böyük məbləğ yığılmadı. Afişada da qeyd olunub ki, bu kompaniya “Karvan”a dəstək üçün aparılır. Bəzi insanlar bunu səhv başa düşdülər”.

Kərimov toplanan pulun məbləğini də açıqlayıb: “Orada cəmi 116 manat pul yığıldı. Goranboydan, Mingəçevirdən, Ləkidən gələn futbolçularımız var.

Toplanan pulun üstünü də düzəldib yol xərci kimi onlara verdim. Bunu ondan ötrü eləmişik ki, heç olmasa digər rayonlardan gələn futbolçuların yol pulunu verə bilək. Yevlaxlı futbolçuların isə cibinə hələ bir manat da girməyib”.

Vaxtilə Premyer Liqada çıxış edən “Karvan” 2004/05 mövsümündə bürünc, növbəti mövsüm isə gümüş mükafat qazanıb.

Köklü klubumuz 2006/07 mövsümündə UEFA Kubokunun (indiki Avropa Liqasının) I təsnifat mərhələsində Slovakiya klubu “Spartak”ı (Trnava) üstələməklə bu turnirdə mərhələ adlayan ilk Azərbaycan klubu olub.

Digər Xəbərlər
Xəbər Lenti