Yunanıstanın İkinci Super Liqa adlanan yarışına start verilib.
Oktyabrın 17-də başlanması planlaşdırılan, lakin ayrı-ayrı vaxtlarda üç dəfə təxirə salınan çempionat, nəhayət, noyabrın 7-də başlayıb.
Həmin yarışı diqqətdə saxlamağımız səbəbsiz deyil. Axı azərbaycanlı futbolçu Tural Bayramlı sentyabrda “Pierikos”la anlaşmışdı.
Elə həmin “Pierikos” açılış turunda doğma azarkeşləri önündə ölkənin köklü klublarından olan “Ksanti”ni qəbul edib.
Hesabı 23-cü dəqiqədə qonaqlar açsa da, Katerini təmsilçisi 80-ci dəqiqədə Konstantinos Miliotisin vurduğu qolla hesabı bərabərləşdirib. Oyun 1:1 hesabı ilə nəticələnib.
Hər nə qədər maraqlı və şübhəli olsa da, Tural bu qarşılaşmanın iştirakçısı olmayıb. Ümumiyyətlə, adı matçın iştirak ərizəsinə salınmayıb. Ehtimal olunur ki, futbolçunun sənədlərində problem var.
Səbəbini səbəbkarın özü ilə söhbətdə öyrənməyə çalışdıq. Lakin Yunanıstanda olduğu iki ayda çempionatın hansı səbəbdən təxirə salındığını bilməyən futbolçu zəng və mesajlarımızı cavabsız qoydu.
Görünür, legioner həyatı yaşamaq üçün yollandığı ölkədə başına gələnlər və gördüyü münasibət ürəyincə deyil. Əks halda, dəstəyi qaldırıb, vəziyyəti izah edərdi. Deməyi söz tapmayanda ən asan çıxış yolu mətbuatdan qaçmaq olur.
Qaç, ayaqlarına qüvvət, Tural! Görək, hara kimi qaçacaqsan.
HƏBİB / SPORTİNFO.AZ

