Villaş-Boaş Mutkonu söyürmüş – Bəs Qurban Qurbanov kimi söysün?

10 Noyabr 2021 16:00 Problem 1 054
Villaş-Boaş Mutkonu söyürmüş – Bəs Qurban Qurbanov kimi söysün?

Andre Villaş-Boaş “Zenit”in baş məşqçisi olduğu dönəmdə Radamel Falkao ilə Joau Moutinyo Sankt-Peterburq klubuna keçə bilərmiş.

Bu barədə məlumatı telşərhçi Gennadi Orlov verib.

O bildirib ki, həmin vaxt legioner limiti ilə bağlı qəbul olunan qərar bu planı pozub. Villaş-Boşa isə qəzəbindən Mutkonu (Rusiya Futbol İttifaqının sabiq prezidenti) söyürmüş:

“Villaş-Boaş “Zenit”ə gələndən sonra onun burda yalnız bir düşməni vardı – Vitali Mutko. Falkao və Moutinyonun həyat yoldaşları artıq Sankt-Peterburqa gələrək mənzil axtarırdılar.

Amma 10 gün ərzində legioner limitinin azaldılması ilə bağlı qərar verildi və plan pozuldu. Villaş-Boaş bütün gün ərzində bağırır, Mutkonu söyürdü.

Bu, həmin vaxt idi ki, Qarayın keçidi həll olunmuşdu. O iki nəfər də gəlib Halk, Krişito və Danniyə qoşulsaydı, bizim Çempionlar Liqası üçün möhtəşəm komandamız olardı. Amma tarixi məqam limitə görə əldən buraxıldı”.

Əslində “Zenit”in üzləşdiyi durum bizə tanışıdır. Azərbaycanda da rəqabətə ciddi şəkildə təsir edən legioner limiti var.

Futboldan anlayışı olan şəxslər limitin aradan qaldırılmasını tələb etsələr də, diletant AFFA rəhbərliyi öz bildiyini edir. Guya limit azərbaycanlı futbolçuların inkişafını təmin edəcəkmiş.

Amma bu illər ərzində limitdən yararlanıb daim meydana çıxan azərbaycanlı oyunçu nəinki inkişaf edib, hətta futbolçu səviyyəsi daha da aşağı düşüb.

Bu da onunla bağlıdır ki, azərbaycanlı futbolçu üçün rəqabət mühiti yoxdur. Arxayındır! Arxayındır ki, onsuz da meydana çıxacaq. Arxayınlıq isə inkişafdan saxlayan əsas bəladır.

Bu bəlanı AFFA rəhbərliyi aradan qaldırmır. Əgər bu bəla aradan qaldırılsa, Qurban Qurbanovun manevr imkanı daha çox olar. Deməli, onda “Qarabağ”ın hər il Çempionlar Liqasının qrupunda oynamaq şansı da artar.

Rusiyada futbola daim Vladimir Putin müdaxilə edir. Rusiyalı mütəxəssislərin əksəriyyəti limitin əleyhinədir.

Amma Putin başqa cür düşünür, hesab edir ki, rus futbolçu yerli çempionatda daim oyansa, Rusiya yığması dünya çempionu olacaq. Mutko da məhz Putinin tapşırığı əsasında legioner limitini azaldırdı.

Azərbaycanda isə AFFA-nın fəaliyyətinə hər hansı bir müdaxilə yoxdur. Dövlət pul ayırır və “inkişaf olsun” deyir.

Amma inkişafın qarşısını AFFA rəsmilərinin diletant idarəçiliyi alır. Villaş-Boaş Çempionlar Liqasında rəqabətə tab gətirəcək komanda yarada bilmədiyi üçün Mutkonu söyürmüş.

Bəs Avropaya daha güclü “Qarabağ” çıxartmaq şansından məhrum edilən Qurban Qurbanov kimi söysün?

Natiq Muxtarlı

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti