Premyer Liqanın Zabratdan Şamaxıya uzanan yolu - Bəs deyirdiz, mümkün deyil?

10 Noyabr 2021 23:00 Problem 1 669
Premyer Liqanın Zabratdan Şamaxıya uzanan yolu - Bəs deyirdiz, mümkün deyil?

"Keşlə" futbol komandasının tarixi 1997-ci ildən başlayır. Həm də başqa adla...

Azərbaycanın özəl ali təhsil ocaqlarından olan Xəzər Universitetində həmin il eyniadlı komanda yaradılmış və həvəskarlar liqasının sırasına qoşulmuşdur.

1999/2000 mövsümündə isə "Xəzər Universiteti" Azərbaycan çempionatının güclülər dəstəsində oynamağa başlamışdır. Kollektiv o dönəmlər ev oyunlarını Zabratda keçirirdi.

2004-cü ilin yayından "Xəzər Universiteti" komandasının bütün hüquqları yeni yaradılmış "İnter-Bakı" Peşəkar Futbol Klubuna keçmiş və komanda 13-cü Azərbaycan çempionatına da "İnter-Bakı" adı ilə başlamışdır.

Bir müddət sonra isə klubda struktur dəyişikliyi edilmiş və "İnter-Bakı" Peşəkar Futbol Klubu "İnter" Peşəkar İdman Klubuna çevrilmişdir. Beləliklə, futbol komandasının adı 13-cü çempionatın ortalarından rəsmi şəkildə "İnter" kimi təsdiq olunub.

2017-ci il 28 oktyabrdan etibarən isən klub rəsmən "Keşlə" adlandırılıb.

Bu gün çıxar qərarla paytaxt klubu növbəti dəfə ad dəyişikliyinə gedərək "Keşlə" adını "Şamaxı"ya dəyişməli olub.

4-cü dəfə adını dəyişən klubun gələcəkdə hansı adlara sahib olacağını bir Allah bilir.

Açığı, hazırkı dəyişiklik çoxumuz üçün gözlənilməz oldu. Çünki illərdi idman mətbuatı, azarkeşlər tez-tez irad bildirirdilər ki, "Keşlə", "Səbail" kimi komandaları Bakıda saxlamaqdansa hərəsini bir bölgəyə göndərmək daha faydalı olar. Həm bölgələrimiz futbol görər, həm də qismən "Bakı liqası"ndan uzaqlaşmış olarıq.

Amma AFFA rəsmiləri israrla "onların öz rəhbəri var, özləri bilər. Biz hansısa klubu bölgəyə məcbur göndərə bilmərik" deyirdi.

Ən ağır olanı isə o idi ki, federasıyanın əlaltıları da bu tip açıqlamaları bəh-bəhlə səsləndirirdi.

Bəs indi necə oldu ki, bir gündə "Keşlə" "Şamaxı" olub, Şamaxıya köçürüləcəyi açıqlandı? Deməli, bir daha təsdiqləndi ki, ölkə futbolunda çox şey AFFA-nın "hə" və ya "yox" deməsinə bağlıdır.

Eyni şeyi digə adını çəkdiyimiz komanda haqqında da etmək olar. Amma futbolun inkişafı, bölgələrin inkişafı xatirinə. Daha indiki kimi dar macalda, kreslo qorumaq, gözdən pərdə asmaq xatirinə yox...

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti