İki gün əvvəl Azərbaycan millisinin Lüksemburq və Qətər milli komandaları ilə oyunları üçün heyəti açıqlandı.
Millimizin çalışdırıcısı Canni De Byazinin verdiyi iki qərar xüsusi diqqət cəlb etdi.
İtaliyalı mütəxəssis öncəki heyət seçimini Premyer Liqanın həmin həftə baş tutan turunu gözləmədən açıqlamışdı.
Bu, haqqlı olaraq "Zirə"nin çalışdırıcısı Rəşad Sadıqovu narazı salmışdı. O, atılan addımı tənqid etmiş, bunun yalnış olduğunu dilə gətirmişdi.
Bu dəfə artıq eyni hal təkrarlanmadı. Daha doğrusu "Zirə"nin matçı bitəndən sonra heyətlər açıqlandı.
Növbəti gün keçirilən "Səbail" - "Qəbələ" və "Sumqayıt" - "Qarabağ" oyunlarının bitməsi yenə nəzərə alınmadı. Yəqin ki, bunun üçün növbəti dəfə həmin klubların çalışdırıcılarının danışması lazım olacaq. Ki, De Byazi turun ümumiyyətlə bitməsini nəzərə alsın. Komediyadı da...
Təcrübəli mütəxəssis təkcə bununla kifayətlənməyib, Rəşad Sadıqovun onun heyət seçimi ilə bağlı iradını da nəzərə alıb. Belə ki, ötən seçmə oyunlara Sadıqovun çalışdırdığı "Zirə"dən heç kim dəvət almasa da, bu dəfə iki futbolçu - Coşqun Diniyev və Cəlal Hüseynov dəvətlilər arasındadır.
Sadıqovun heyət seçimi ilə bağlı iradını da nəzərə alan De Byazinin digər seçimləri yenə birmənalı qarşılanmayıb.
Xüsusi ilə Türkiyədə karyerasını davam etdirən Vüsal İsgəndərlinin, "Keşlə"də çıxış edən Şəhriyar Əliyevin, "Sabah"ın əsas simalarından sayılan Aleksey İsayevin çağrılmaması qaranalıq olaraq qalıb.
Sadıqovun iradları təkcə "Zirə"yə görə yox, ümumiyyətlə, haqqsızlığa, yanlışlığa, səhv qərarlara görə idi.
Görünür, De Byazi ya Rəşad Sadıqovu düz anlamayıb, ya da tənqidlərindən nəticə çıxarmayıb, sadəcə onun tərəfindən olunan təzyiqin qarşısını müəyyən qədər almağa xidmət edən qərarlar verib. Bu isə nə Sadıqova lazımdı, nə də Azərbaycan futboluna.
Xanoğlan İmanov

