“COVID-19”dan qorunmağın başlıca yolu..." - Baş infeksionist əhaliyə müraciət etdi

1 Mart 2021 12:50 Problem 716
“COVID-19”dan qorunmağın başlıca yolu..." -  Baş infeksionist əhaliyə müraciət etdi

“COVID-19” infeksion xəstəliklərdən biridir. Bizim bu infeksiyaya yoluxub-yoluxmamağımız, yoluxduqda xəstəliyi simptomsuz və ya müxtəlif əlamətlərlə yüngül və ya ağır, fəsadların inkişafı ilə keçirməyimiz məhz fərdi immunitetimizdən asılıdır”.

Sportinfo.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov 1 mart Ümumdünya İmmunitet Günü ilə bağlı müsahibəsində bildirib.

O qeyd edib ki, digər infeksion xəstəliklərdə olduğu kimi bu xəstəlik zamanı da anadangəlmə, qazanılmış immunçatışmazlığı, yanaşı xroniki xəstəlikləri olan insanların böyük bir hissəsi risk qrupu olaraq xəstəliyi daha ağır keçirir:

“Bu səbəbdən onlarda müxtəlif ağırlaşmalar baş verir ki, bəzən bu, ölümə səbəb olur. Ona görə də “COVID-19”dan qorunmağın başlıca yolu gigiyenik qaydalara əməl etmək və immunitetimizi gücləndirməklə yanaşı vaksinasiya vasitəsilə infeksiyaya qarşı süni immunitetin əldə olunmasıdır”.

Baş infeksionist həmçinin immuniteti artırmanın yollarından da danışıb. Bildirib ki, immun sistemimizi qorumağa və gücləndirməyə kömək edəcək bir neçə tövsiyələr vardır:

1. İllik qrip peyvəndi də daxil olmaqla vaksinasiya cədvəlinə laqeyd yanaşmayın;

2. Qida maddələrin, vitaminlərin və mineralların miqdarının balanslı qəbuluna diqqət edin;

3. Normal bir gecə yuxusunu təmin edin. Yuxu zamanı yeni immun hüceyrələr əmələ gəlir;

4. Bədənin müqavimətinin azalmasına səbəb olduğu üçün stresdən yayınmaq lazımdır. Yaxşı bir əhval-ruhiyyənin sağlamlığın açarı olduğuna dair fikirlər əfsanə deyil, çünki immunitetimiz sinir və hormonal sistemlərlə qarşılıqlı əlaqədə işləyir;

5. Özünüzü fiziki formada saxlayın, açıq havada daha çox vaxt keçirin. Yaxşı qan dövranı immun hüceyrələrin bədənimizin hər tərəfinə çatmasına və qoruyucu funksiyasını yerinə yetirməsinə imkan yaradır”.

Digər Xəbərlər
Xəbər Lenti