“Neftçi”dən getdi, ŞOK AÇIQLAMALAR VERDİ!

2 May 2020 14:00 Premyerliqa 3 153
“Neftçi”dən getdi, ŞOK AÇIQLAMALAR VERDİ!

Bütün sahələrdəki kimi futbolda da görünməyən qəhrəmanlar var.

Azərbaycanda da belələri olmamış deyil. İlk ağla gələnlərdən biri isə 12 il “Neftçi”də çalışmış, klubu ilə futbol tariximizdə ilk dəfə avrokubok qrupu həyəcanı yaşamış əfsanəvi inzibatçı Pərviz Əhmədovdur.

Ölkəmizdə öz sahəsinin sayılan mütəxəssislərindən olan Pərviz Əhmədov “Neftçi”nin hazırki rəhbərliyinin ədalətsizliyi ucbatından futboldan kənar düşüb.

Son günlər AFFA-nın futbolsuz və işsiz qoyduğu keçmiş veteranlar gündəmdədi. Biz isə belə məqamda hamının yadından çıxmış Pərviz Əhmədovu yada saldıq.

İki ildir işsiz qalan əfsanəvi inzibatçının ailəsi də bu ağır dövrdə çətin duruma düşən ailələrdəndi. Təəssüf ki, nə 12 ilini verdiyi “Neftçi”dən, nə də AFFA-dan onunla heç kim maraqlanmır. Pərviz Əhmədovun yaxın dostu olmuş Tərlan Əhmədov isə...

Yaxşısı budur ürəyi dolu olan keçmiş “Neftçi”linin özünü dinləyək. “Neftçi”nin bəzi keçmiş və indiki rəhbərləri haqda çox maraqlı və bilmədiyimiz gerçəkləri öyrənək...

Hər uğursuzluqdan sonra Sadıq Sadıxov yada düşür
Əvvəla onu deyim ki, mən hazırda haqq dünyasında olan klubun keçmiş birinci vitse-prezidenti Abbas Abdullayevin məsləhəti ilə “Neftçi”yə gəlmişəm. “Azərbaycanın flaqmanı həmişə hamıdan öndə olmalıdı” deyən rəhmətlik Abbas müəllimin xeyir-duası ilə başladığım işimdə ardıcıl 12 il vicdanla çalışmışam. Bu müddətdə kluba necə can-başla, fədakarlıqla xidmət etdiyimi orda işləyənlər və "xalq komandası"nın möhtəşəm azarkeşləri yaxşı bilir.

Cənab prezident İlham Əliyevin idmana xüsusi diqqəti sayəsində bütün növlərdə olduğu kimi futbolda da nəzərəçarpacaq dərəcədə inkişaf oldu. Xoşbəxtlikdən mən də bu tərəqqi dövründə futbolda çalışmağa başladım. "Neftçi" ilə 3 dəfə Azərbaycan çempionu, 2 dəfə Azərbaycan kubokunun qalibi oldum. Sadıq Sadıqovun prezidentiliyi dövründə avrokuboklarda ilk dəfə qrup mərhələsinə yüksəlmiş Azərbaycan klubu kimi tarixə düşən həmin "Neftçi"də mən də var idim. Bununla da həmişə fəxr etmişəm və edəcəm.

Sadıx müəllimin gedişindən sonra illərdir həm azarkeşlər, həm də klub daxilində çalışan hər kəs onu böyük hörmətlə xatırlayır. Hər uğursuzluqdan sonra Sadıq müəllimin adı yada düşür. Çünki, Sadıxov klub daxilində kiçik bir problem olan kimi dərhal onu həll edərdi. Futbol klubu elə bir yerdir ki, burda ən xırda problem də yekun nəticədə özünü göstərir. Sadıx müəllim isə xaraktercə elə insan idi ki, o rəhbər olan yerdə hər hansı problemin yaşanmasına imkan verməzdi. Sadıq Sadıqov çox sadə və təvazökar insan idi. Onun xadimələrə, sürücülərəcən hamıya hörmətlə yanaşar, onun dövründə “Neftçi”də işləyən bir adamın nə mənəvi, nə maddi heç bir sıxıntısı olmazdı. Klubda işləyən 300-ə yaxın işçinin hər biri qələbələrə görə mükafat alardı. Amma maddi məsələlərdən daha vacibi də insani münasibət idi ki, Sadıx müəllimi buna görə indi də hamı sevgi və sayğıyla xatırlayır.

Ceyhun Sultanov, Elnur Eyvazov və Kamran Quliyev haqda həqiqət
Təəssüf ki, Kamran Quliyev haqda Sadıq müəllim haqda dediklərimi təkrarlaya bilməyəcəm. Halbuki, “Neftçi” kimi klubun prezidenti Sadıq müəllim kimi bir şəxsiyyət olmalı idi. Kamran Quliyev gələndən sonra idman direktoru Ceyhun Sultanov məni çağırıb, yeni prezidentin mənimlə işləmək istəmədiyini dedi. Sultanova dedim ki, 12 ildi bu kluba can qoyuram olarmı Kamran müəllimlə görüşüm və mənimlə işləmək istəməməsinin səbəbini öyrənim? Sultanov daxili telefonla Kamran Quliyevə zəng vurdu və istəyimi ona çatdırdı. Amma Quliyev mənimlə görüşmədi. Nə Quliyev məni tanıyırdı, nə mən onu.

Ən azı 12 il bu klubda işləməyimə hörmət olaraq görüşüb işdən çıxarılmağıma bir səbəb deməli idi... İndi siz özünüz deyin, işçilərlə belə rəftar edən bir adam “Neftçi” kimi klubda prezident olmağa layiqdirmi? O, “Neftçi” kimi böyük klubda uğur qazana bilərmi? Kamran Quliyevin görüşdən imtinasından sonra vitse-prezident Elnur Eyvazovun qəbuluna getďim. Elnur müəllim yeni prezidentin mənim Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin adamı olduğumu bildiyini və buna görə mənimlə işləmək istəmədiyini dedi. Elnur müəllimə möhtərəm cənab Prezident İlham Əliyevin az qala hər çıxışında məmurlara sadə işçilərin, insanların haqqlarını tapdamamaq haqda dəfələrlə xəbərdarlıqlar etdiyini xatırladıb belə bəhanəylə ömrünün 12 ilini kluba vermiş və bu müddətdə vicdanla komandaya xidmət edən adamı işdən çıxartmağın haqsızlıq olduğunu bildirdim. Amma faydası olmadı...
Əsl səbəb isə başqa idi. Sadəcə, Eyvazovun gücü o vaxtkı baş məşqçi Tərlan Əhmədova çatmadığından məni "xərclədi". Eyvazov özü də gözəl bilirdi ki, mən çox balaca adamam, əmrə tabe biriyəm. Görünür, Tərlan Əhmədovun "krışası" güclü idi. Administratoru, massajisti sıxma-boğmaya sal, üz-üzə qoy, başqa günahsız balaca adamları işdən çıxart, "əsərin baş qəhrəmanı", vəzifə sahibi qalsın işləsin. Hanı burda ədalət?!

Tərlan Əhmədov məşqçi deyil, insanlığı isə... Saytınızda Tərlan Əhmədovun "Keşlə"də və əvvəl işlədiyi digər klublarda, o cümlədən "Neftçi"də "qara büdcə" formalaşdırması ilə bağlı gedən yazıda mənim də adım hallanmışdı (https://www.sportinfo.az/idman_xeberleri/kesle/79795.html).
Mənim də bütün zəhmətim ona görə yerə vuruldu. Yazıda da tamamilə doğru qeyd etmişdiz ki, mən Tərlan Əhmədovun badına getmişəm...
Tərlan Əhmədovun klubdaxili mühiti pozması, rəhbər şəxslər arasında nifaq yaratması, bəzi yekəxanalıqları, səriştəsiz idarəçiliyi, komandanın ipini əlindən buraxması, yekunda "Neftçi"də böyük çaxnaşma yaratdı. Bu çaxnaşmanın qurbanı, necə deyərlər "çujoy poxmel" gedən isə mən və mənim kimi bir-iki vəzifəsi, "krışası" olmayan, amma işini vicdanla görən kluba canını verməyə hazır olan sadə işçilər oldu. Tərlan Əhmədov Tofiq Mustafayev kimi təcrübəli məşqçinin, akademiyada çalışan bir çox mütəxəssisin haqqını yedi, heç bir əsas olmadan işdən çıxartdı. Halbuki, bu onun səlahiyyətində olmamalı idi.

Mən "Neftçi"də A komandasının inzibatçısı, birbaşa Tərlan Əhmədovun tabeçiliyində olan adam idim. Təbii ki, özbaşıma heç bir addım ata bilməzdim. Amma vaxt gəldi, Əhmədov baş məşqçi kreslosunu qorumaq üçün bütün ətrafını, o cümlədən məni xərclədi. Ona görə 12 il xidmət etdiyim sevimli klubumdan ayrılmağa məcbur oldum. İki ildən çoxdur susuram, dəfələrlə mediadan müsahibə almaq istəsələr də imtina etmişəm. Bu müddətdə Tərlan Əhmədov bir dəfə də olsun maraqlanmayıb, adicə heç zəng də etməyib, əksinə, klubdan ayrılandan sonra bir neçə dəfə özüm zəng vurdum, amma bilə-bilə ki, ona görə işimi itirmişəm cavab vermədi. Halbuki mən “Neftçi”dən çıxardılanacan Tərlanın ən yaxın dostlsrından idim. Bu, Tərlan Əhmədovun insani tərəfi.

İndi də keçək Əhmədovun necə deyərlər peşəkar tərəfinə. Daha doğrusu, onun pulları ilə təbliğatını aparan bəzi jurnalistlərin Tərlana "yaxşı məşqçi" imici qazandırmaq cəhdlərinə. "Xalqın gözü tərəzidi" deyirlər. Amma bu məsələdə xalqın, azarkeşlərin Tərlan Əhmədovun dostları olan jurnalistlərin təbliğatına aldanmaq ehtimalı böyükdü. İnsanların beyninə kütləvi şəkildə Tərlanın yaxşı məşqçi olduğu haqda fikir yeridilir. Hətta, onun adı milli komanda ilə yanaşı hallanır. Mən belə şeylər görəndə həm gülmək, həm də aölamaq istəyirəm. Gör, ölkə futbolu nə günə qalıb ki, Tərlan millinin baş məşqçisi olmaq istəyir.

Əsl həqiqəti - Tərlanın necə məşqçi olduğunu futbolun içində olanlar çox gözəl bilir. O cümlədən, mənimlə "Neftçi"də işlədiyi vaxt qazanılan və özünün hədsiz şişirtdiyi bürünc medalda Tərlan Əhmədovun nə qədər rolunun olub-olmamasını... "Neftçi" ölkənin ən köklü klubudu, birinci yerdən başqa hər hansı yer, qızıldan başqa hər hansı medal burda uğur sayıla bilməz.

Futbol ictimaiyyəti Tərlan Əhmədovun hansı savad və bilik yiyəsi olduğunu, "uğurları" necə qazandığını, onun üsullarını əzbər bilir. "Neftçi"dən əvvəl işlədiyi klublarda da, indi çalışdığı "Keşlə"də də "qara büdcə" formalaşdırdığını yazmısınız. Yəqin ki, uğurlarının əsas səbəbi də elə budu.
Necə olur ki, “Neftçi”də Tərlanın ən yaxın dostu olan inzibatçı və klubun ən savadlı məşqçisi işdən çıxarılır, “Keşlə”də Tərlanın ən yaxın dostları inzibatçı Asif Səfərovla məşqçi Mehman Babayev futboldan ömürlük uzaqlaşdırılır, amma Tərlan hər dəfə sudan quru çıxmaöı bacarır?!

“Neftçi"-"Keşlə" oyunundan sonra Mirhüseyn Seyidov, Nizami Hacıyev və Ağakişi Mehdizadə futboldan ömürlük uzaqlaşdırıldı. Vəssalam. Bununla da söhbət bağlandı. Siz doğrudan düşünürsüz ki, o boyda həngamədə baş məşqçinin, daha yüksək vəzifə sahiblərinin heç nədən xəbəri olmur?!

Bu cavan uşaqlar - Nizami və Mirhüseyn kimi futbolçular, Ağakişi kimi savadlı, gənc mütəxəssis futboldan ömürlük uzaqlaşdırıldı, "Keşlə"nin futbolçularının pul aldıqları üçün bilərəkdən uduzduqlarını etiraf etdikləri komandanın baş məşqçisi Tərlan Əhmədov isə cəmi bir neçə ay sonra

..."Keşlə"yə baş məşqçi təyin olundu. İndi başa düşüşürsüz Tərlan Əhmədov necə uğurlar qazanır, yaxşı məşqçi olur?! Bir daha bayaqkı sualı verirəm: Hanı burada ədalət?! Tərlanın necə "yaxşı məşqçi" olmasını bildiniz. Tərlan nəinki yaxşı məşqçidi, ümumiyyətlə məşqçi deyil, məşqçilikdən, müasir futboldan, tendensiyalardan anlayışı olmayan biridi. O, sadəcə, yaxşı "oyunçudu". Belə olmasa, indi "Keşlə"də çalışmazdı, ümumiyyətlə, futbola yaxın buraxılmazdı.
Azərbaycan futbolunda çalışanlar bilir ki, deyək ki, elə həmin Ağakişi Mehdizadə Tərlan Əhmədovdan qat-qat savadlı mütəxəssisdi və dünyagörüşlü insandı. Amma bu cavan oğlan - futbolumuzun ən yaxşı məşqçi-analitiki, gənc yaşdan Gürcüstan millisində çalışmış peşəkar indi futboldan qıraqda qalıb. Çünki, Tərlandan fərqli Ağakişi də, mən də işimizin peşəkarı olsaq da, "oyunçu" ola bilməmişik.

Həmişə fikirləşmişəm ki, Vəli Qasımov, Nazim Süleymanov, Arif Əsədov, xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edən və Tərlandan dəfələrlə güclü, usta futbolçu olmuş adlar ola-ola o həmin nəslin dövründə necə milli komandanın kapitanı olub?! "Neftçi"də bir yerdə işləyəndən sonra bunu çox gözəl anladım. Tərlanın futbolçu kimi də, məşqçi kimi də özündən qat-qat səviyyəli olanlardan yeganə fərqi "oyunçu" olması, şəxsi mənafeyinə görə ən yaxın dostlarını belə bir saniyədə qurban verməyə hazır olmasıdı. Ona görə də indi Tərlanın yanında bir nəfər də dostu qalmayıb...

Bir adamdan da rüşvət almamışam
"Neftçi"də işlədiyim müddətdə bir dəfə də olsun kluba zərər verəcək hər hansı addım atmamışam. Daim klubun uğurları, qələbələri, titulları üçün çalışmışam. Mən həmçinin 13 il AFFA-da hakim-inspektor işləmişəm. Bu müddətdə bir adamdan da rüşvət almamışam, təmiz adımı qorumuşam. Məhz buna görə də arxası möhkəm olan və yaxşı "oyunçu" olan Tərlan Əhmədova gücü çatmayan Elnur Eyvazov məni canımdan çox sevdiyim "Neftçi"dən işdən çıxartsa da, AFFA-dakı fəaliyyətimi davam etdim. Yalnız Ştuxlik gələndən sonra yeni qaydalar, şərtlər müəyyənləşdirdi. Əvvəllər hakim olmuş adamlar işinə davam edəcəkdi. Buna görə də mən də daxil olmaqla təxminən 40 nəfər AFFA-dakı işimizi itirdik. Bu məsələ haqda bir söz deyə bilmərəm, hər sədrin öz tələbləri, öz iş prinsipləri, öz kriteriyaları olur. Amma Tərlan Əhmədov-Elnur Eyvazov cütlüyünün “sayəsində” "Neftçi"dən göndərilməyim çox böyük ədalətsizlik idi. Mən sirli bir qutuyam. Bildiyim və deyəcəyim çox söz var. Bəlkə də bir kitaba da sığmaz, ölkədə bomba effekti verər, hamı Tərlan Əhmədovu da, başqa saxta qəhrəmanları da yaxşı tanıyar. Bunun hamısını Tərlan da, Eyvazov da yaxşı bilir. Tezliklə özünüz hər şeyi görəcəksiniz. Allah gec-tez hər bir ədalətsizlik edənin qarşısına onunu çıxardır...

Elnur Eyvazov vaxtında rəhbərliyə düz məlumat versə idi, bu qədər insanın haqqı yeyilməzdi. Amma bir nəfərə görə neçə adamın haqqını yedilər. Massajçının, inzibatçının başqa səlahiyyəti olmayan adamların haqqını yemək asandı. Əsas günahkar isə hələ də öz kefində və əməlləri ilə futbolumuzu çirkləməkdədi!

Klubda baş verən son hadisə isə Kamran Quliyevin “Neftçi”də son fiaskosudur. Koronavirus pandemiyasının yaratdığı bu ağır vəziyyətdə qayda-qanuna riayət etmək, cənab Prezidentin təşəbbüslərini dəstəkləmək, xalqa yaxşı nümunə vermək əvəzinə “Neftçi” kimi adı olan bir klub biabırçı özbaşınalıqla - karantini pozması ilə gündəmə gəlir. Kamran Quliyev-Elnur Eyvazov cütlüyünün səriştəsiz idarəçiliyinin məntiqi yekunu budur. Dövlət siyasətinin əksinə çıxan bu cür məmurlar gec-tez layiq olduqları cəzanı almalıdır. Şəxsən mən bu hərəkəti hakimiyyətə, bu çətin dönəmdə var gücünü ölkəmizin rifahına sərf edən cənab Prezident İlham Əliyevə xəyanət kimi qiymətləndirirəm. Bu məsələdə günahkar olan şəxslərin cəzalandırılması üçün cənab Prezident İlham Əliyevə, baş prokuror cənab Kamran Əliyevə və SOCAR prezidenti cənab Rövnəq Abdullayevə müraciət edəcəm. İndi görün, məni kimlər 12 il sevə-sevə gördüyüm işdən uzaqlaşdırdı!

...Pərviz Əhmədov iki ildən artıqdır işsizlikdə yaşadığı günləri, o cümlədən hazırki vəziyyəti haqda danışmaq istəmədi.

Biz isə, sadəcə, onu deyək ki, 12 ilini “Neftçi”yə, ağ-qara rənglərə vermiş əfsanəvi bir işçi bu aqibətə layiq deyil!

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!